Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Etibar Fazil oğlu Şirinovun və Aqil Mehman oğlu Mirzəliyevin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirlərdə nazirliyin rəsmiləri, rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, yaxınları, döyüşçü dostları, xidmət etdikləri hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, qazilər, eləcə də gənclər, məktəblilər iştirak ediblər.
İvanovka kənd qəbiristanlığında şəhid əsgər Etibar Şirinovun məzarı ziyarət olunaraq qarşısına əklillər qoyulub, önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
Polkovnik Abdulla Qurbani xalqımızın qəhrəmanlıq ənənələrindən, Azərbaycan oğullarının tarix boyu öz torpaqlarını yadellilərin basqınlarından, hücumlarından mərdliklə, qətiyyətlə qorumalarından, Vətənin dar günündə hamının elliklə düşmən üzərinə yürüdüyündən və işğal olunmuş torpaqlarımızın son 300 il ərzində ilk dəfə olaraq güc yolu ilə azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığımız möhtəşəm qələbədən danışıb. Bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarının, respublikamızda yaşayan bütün xalqların Vətənin dar günündə bir nəfər olmasının və dövlətimizin başçısının polad iradəsinin, hücum diplomatiyasının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə nəzərə çatdırıb.
Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən bütün xalqımız kimi İsmayıllı rayonunda da hər kəs müharibə əhval-ruhiyyəsi ilə yaşayıb. “Hər şey ordu üçün, hər şey qələbə üçün!” sözləri bütün sakinlərin şüarına çevrilib. Bu rayonun əhalisi bir nəfər kimi ayağa qalxaraq düşmənlərimizi və onların havadarlarını lənətləyib və tarixi torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə inanıblar. Həm də arxa cəbhədə bu torpağın insanları da ümumi qələbəmiz naminə səylərini əsirgəməyiblər.
Birinci Qarabağ müharibəsi veteranlarından olan Taleh Nəcəfovun oğlu miçman Fuad Nəcəfov, Murovdağın ilk şəhidlərindən olan Məmiş Səlimzadənin oğlu gizir Kənan Səlimzadə atalarının yollarını uğurla davam etdirərək şəhidlik zirvəsinə ucalıblar. Mayasını bu torpaqdan alan Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Anar Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Dilqəm Həmidli, Kamil Salmanov, Elvin Rəsulov və neçə-neçə qazi bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazırdırlar.
Polkovnik A.Qurbani vurğulayıb ki, öz qabaqcıl əmək nailiyyətləri ilə həmişə fərqlənən İvanovka kəndinin rus icmasının üzvləri, eləcə də bu kənddə yaşayan digər xalqların nümayəndələri də həm müharibə ərəfəsində, həm də müharibənin gedişində vətənpərvərlik nümunələri göstərərək ümumi qələbəmiz naminə köməklərini əsirgəməyiblər. Kənd əhalisi bu gün də Azərbaycan uğrunda hər bir çağırışa müsəllək əsgər kimi hazırdır. Burada xalqlar arasında ayrıseçkilik yoxdur. Hər bir ivanovkalı Azərbaycan vətəndaşıdır, azərbaycanlıdır və qarabağlıdır. Qarabağ isə Azərbaycandır!
Sonra şəhid əsgər E.Şirinovun hər bir gənc üçün örnək olan qısa, lakin mənalı, şərəfli ömür yolu haqqında məlumat verilib.
Atası Azərbaycan türkü, anası isə ləzgi olan Etibarın əsl azərbaycanlı, əsl Azərbaycan vətəndaşı olduğu və bunu Vətən müharibəsi cəbhələrində qanla yazdığı şəhidlik dastanı ilə təsdiq etdiyi xüsusilə vurğulanıb.
Xatirə mərasimi iştirakçılarının nəzərinə çatdırılıb ki, 29 il öncə bu kənddə doğulan Etibar Fazil oğlu qismən səfərbərlik üzrə orduya çağırılıb. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda döyüşlərdə qarşıya qoyulan döyüş tapşırıqlarının həmişə uğurla yerinə yetirilməsinə nail olub. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyinə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Bütün şəhidlərimiz kimi E.Şirinovun da xatirəsi həmişə əziz tutulur, ailəsi daim diqqət mərkəzindədir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı rayonunun sakinlərinin bu gün də Müzəffər Ali Baş Komandanın hər bir əmrinə, çağırışına hazır olduqlarını, qələbə əhval-ruhiyyəsi ilə yaşadıqlarını, bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərini, şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına, qazilərə bundan sonra da qayğı ilə yanaşılacağını, onların istənilən problemlərinin həllində yardımçı olacaqlarını bir daha qeyd edib.
Müdafiə Nazirliyinin rəhbərliyinə gənc nəslin vətənpərvərlik ruhunda təbliğ edilməsi istiqamətində rayonda keçirilən tədbirlərə həmişə yüksək dəstək verdiyinə görə minnətdarlığını bildirib.
Şəhid E.Şirinovun ölümündən sonra təltif olunduğu daha iki medal – “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları da şəhidin ailəsinə təqdim edilib.
Vətən müharibəsi qazisi İlyar Salmanovun şəhidin məzarı önündə dayanaraq dostuna döyüşdə olanları bir daha xatırlatması, Azərbaycanın düşmən üzərində qələbə çalması ilə onların arzularının çin olması müjdəsini dostuna verməsi və yaralı olmasına baxmayaraq bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır olduğunu bəyan etməsi hər kəsdə duyğulu və qürurverici anlar yaşadıb.
İvanovka kənd tam orta məktəbinin direktoru Əfqan Soltanov yetirmələri olan oğullarla fəxr etdiklərini, məktəblərinin məzunlarının bütün cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını, E.Şirinovun ən yüksək zirvəyə, şəhidlik məqamına yüksəldiyini qürur hissi ilə tədbir iştirakçılarına çatdırıb.
İvanovka məktəbinin Azərbaycan və rus bölmələrinin şagirdləri hər iki dildə möhtəşəm Zəfərə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Bakı, Şamaxı, Ağcabədi, Astara, Qəbələ, Oğuz, Zaqatala, Balakən və digər şəhər və rayonlardan gələn şəhidin döyüşçü dostları məzar qarşısında şəhidlərimizin intiqamını döyüş meydanlarında aldıqlarını qeyd edib. Bu gün də, sabah da Azərbaycan uğrunda hər bir əmrə hazır olacaqlarına and içiblər.
Şəhidin dayısı Nəsrəddin İsayev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və ziyarətçilərə minnətdarlıq edib.
Şəhidin atası Fazil Şirinov və anası Əfruz xanım isə “Bu diqqət və qayğını gördükdən sonra nə ixtiyarımız var ki, “Vətən sağ olsun!” deməyək, oğlumuz Vətən uğrunda şəhid olub, qoy Vətənimiz daha da çiçəklənsin, bayrağımız daha da ucalarda dalğalansın”, – deyiblər.
Günün ikinci yarısında şəhid əsgər Aqil Mirzəliyevin doğum günü münasibətilə onun dəfn edildiyi İsmayıllı şəhər Şəhidlər xiyabanında xatirə mərasimi keçirilib.
Buradakı tədbirdə də polkovnik A.Qurbani şəhidin 21 illik ömür yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
A.Mirzəliyev 27 avqust 1999-cu ildə İsmayıllı şəhərində anadan olub. Orta məktəbdə oxuduğu illərdə nizam-intizamı, istedadı və qabiliyyəti ilə həmişə seçilib. Respublika fənn olimpiyadalarında, intellektual yarışmalarda, müsabiqələrdə fərqlənib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qəbul imtahanlarından 613 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub və oranı da yüksək nəticələrlə başa vuraraq müddətli həqiqi hərbi xidmətə yollanıb.
Vətən müharibəsinin ilk günündən Murovdağın zirvələri uğrunda döyüşlərə qatılıb. Sonra Füzuli, Xocavənd rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Oktyabrın 20-də Xocavənd rayonunun Hadrut qəsəbəsinin Tuğ kəndinə çıxışındakı yüksəklikdə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Bütün şəhidlərimiz kimi A.Mirzəliyevin də intiqamı tezliklə və artıqlaması ilə düşməndən alınıb. Şəhidin qanına boyanan bayrağı döyüşçü dostları Şuşada Gəncə qapısına sancıblar.
Bədii qiraət ustası Pünhan İsmayıllının alovlu çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.Bağırov Vətənə Aqil kimi vətənpərvər oğul, ordumuza isə Aqil kimi cəsarətli, mübariz, igid əsgər bəxş etdikləri üçün şəhidin valideynlərinə minnətdarlıq edib.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Müzəffər Ali Baş Komandanın sözləri ilə çıxışını yekunlaşdırıb: “Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, siz – onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.
Şəhidlər xiyabanında keçirilən xatirə mitinqindən sonra şəhid A.Mirzəliyevin yaşadığı İsmayıllı şəhər, Babək küçəsi-2 ünvanındakı evinə xatirə lövhəsi vurulub, onun xatirə muzeyi açılıb. Ölümündən sonra layiq görüldüyü “Kəlbəcərin azad olunmasına görə” medalı ailəsinə təqdim edilib. Məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Şəhər məktəbliləri ədəbi-bədii kompozisiya ilə çıxış edib, qəhrəmanın döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.