İsrailin müdafiə naziri Yoav Qalant daha 25 ədəd F-35 qırıcısı təyyarəsinin alınması sorğusu ilə əlaqədar ABŞ-yə məktub göndərib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nazirlik ABŞ-dən əlavə təyyarələrin nə vaxt alınacağını aydınlaşdırmayıb. Bununla belə, qəzet mənbələrə istinadən qeyd edir ki, tərəflər 2023-cü il boyu sorğunun təsdiqi prosedurunu başa çatdırmağı planlaşdırırlar. Eyni zamanda, yeni F-35-lər 2026-2027-ci illərdə İsrailə çata bilər.
Bu tədarüklərdən sonra İsrailin sərəncamında bu tip 75 təyyarə olacaq.
Nəşr diqqətə çatdırır ki, İsrail hərbi komandanlığı F-35-in onun Suriyadakı iranyönümlü birləşmələrə səmərəli zərbə endirməsi üçün vacib olduğuna inanır. Bundan başqa, F-35-in İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirmək qərarı verəcəyi təqdirdə hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün lazım olacağı güman edilir.