Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə İstanbulda mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Üsküdar rayon bələdiyyəsinin dəstəyi ilə Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan mərasimdə İstanbulda yaşayan və çalışan soydaşlarımız, iki qardaş ölkəni təmsil edən tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Gəzinti gəmisinin göyərtəsində təşkil olunan mərasimdə İSTAD-ın sədri Səfər Qaraqoyunlu Azərbaycanın müstəqilliyinin bərpasının tarixindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra böyük problemlərlə üz-üzə dayanıb. Lakin ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan xalqı öz azadlığını qoruya bilib. Məhz bunun sayəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixdə ən yüksək zirvəyə qədəm qoyub.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı fəaliyyətləri ilə fərqlənən bəzi şəxslərə İSTAD-ın mükafat və hədiyyələri təqdim olunub.
Mərasim bədii proqramla davam edib.