“Bu gün İstanbulda baş verən 6,2 maqnitudalı zəlzələdən sonra, yerli vaxtla saat 17:55-dək ən böyüyü 5,9 maqnitudalı olmaqla ümumilikdə 127 afterşok qeydə alınıb. Şəhərin yalnız Fatih rayonunda bir tərk edilmiş bina dağılıb. Təcili Xidmət Mərkəzinə 10 min 84 zəng daxil olub”.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, eləcə də səhiyyə nazirləri, Murat Kurum və Kemal Memişoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında bildirib.
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib ki, İstanbulun Avropa və Anadolu tərəflərində Zəlzələ Böhran Mərkəzləri yaradılacaq. Zəlzələ nəticəsində zədələnən tikililər müəyyən edilərək müvafiq tədbirlər görüləcək. İndiyədək tikililərin zədələnmə ehtimalı ilə bağlı şəhərin aidiyyəti orqanlarına 378 müraciət daxil olub, 12 bina ehtiyat tədbiri olaraq boşaldılıb.
Hazırda təşvişə səbəb olacaq bir vəziyyətin olmadığını qeyd edən nazir ölkənin bütün dövlət qurumlarının səfərbər edildiyini deyib.
O, bildirib ki, AFAD-ın Elmi Şurasındakı professorlarla məsləhətləşmələr aparılır. Onların təkliflərinə əsasən bütün tədbirlər görülür. Təcili yardım qrupları İstanbulun bütün rayonlarından gələn müraciətləri nəzərə alırlar. Zərərin müəyyənləşdirilməsi üçün üç min qrup fəaliyyətə başlayacaq və 4 gün ərzində İstanbuldakı bütün şikayətlər nəzərdən keçiriləcək.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib ki, zəlzələdən sonra şəhər xəstəxanalarında xidmətin ləngiməsinə səbəb olan bir vəziyyət müşahidə olunmayıb. Yıxılma, hündürlükdən tullanma və ya həyəcandan vəziyyəti pisləşən ümumilikdə 236 nəfər xəstəxanalara müraciət edib.