1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Nuru paşanın məzarüstü abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Qafqaz İslam Ordusu və Nuru paşanın Türkiyə, Azərbaycan və bütün türk dünyası üçün əhəmiyyətli şəxsiyyət, Türkiyənin silah sənayesinin qurucusu olduğunu bildirib.
Bakının və Azərbaycanın bir çox bölgəsinin erməni işğalından azad olunmasında böyük rol oynayan Nuru paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu vurğulayan S.Qaraqoyunlu onun qələbədəki tarixi rolundan danışıb, Türkiyədən Azərbaycanadək uzanan qəhrəmanlıq yolundan bəhs edib. Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. 1918-ci ildə Bakının azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Azərbaycanın müstəqilliyi yolunda canından keçən bütün soydaşlarımızın daim rəhmətlə anıldığını bildirən S.Qaraqoyunlu deyib: “Əsrlər boyu davam edən Türkiyə-Azərbaycan həmrəyliyi Azərbaycanın 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Keçmişdə və bu gün olduğu kimi, bu birlik tarix durduqca davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.
Tədbirdə hər iki ölkədən olan ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.