Türkiyənin İstanbul şəhərinin səlahiyyətliləri meqapolisdə su ehtiyatları ilə bağlı kritik vəziyyətlə əlaqədar 15 min müştəriyə bağ və qazonların suvarılması üçün suyun verilməsini müvəqqəti dayandırıb.
“Report” xəbər verir ki, müvafiq bildiriş abonentlərə İstanbul Su və Kanalizasiya İdarəsi tərəfindən göndərilib.
Səlahiyyətlilər qeyd ediblər ki, hazırda su anbarlarının doldurulması ilə bağlı vəziyyət kifayət qədər kritikdir və vətəndaşların içməli və texniki su ilə təminatında fasilələrlə bağlı risklər yaranarsa, səlahiyyətlilərin bəzi istehlakçılar üçün suyun verilməsini məhdudlaşdırmaq hüququ var.
İstanbulda orta gündəlik su istehlakı 3,5 milyon kubmetrə çatıb. İdarənin 7 milyon müştərisindən 15,6 min abonent sudan torpaq sahələrinin, daxili bağların və qazonların suvarılması üçün sudan istifadə edir. Onlar orta hesabla ayda təxminən 100 min kubmetr istehlak edirdilər, lakin son vaxtlar bu rəqəm 800 min kubmetrə qədər artıb. Bu isə İstanbulun 16 milyon əhalisinin suya olan ilkin ehtiyaclarının təmin edilməsində potensial problemlər yarada bilər. Buna görə də bir qrup abunəçiyə müvəqqəti su verilməməsi qərara alınıb.
Hazırda İstanbulda orta gündəlik su istehlakı əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Su anbarlarının dolma səviyyəsi isə orta hesabla 29% təşkil edir.