Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Qələbəyə inam” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə “Böyük Qayıdış” Gənclər və Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar təşkilatlarının üzvləri, həmçinin digər qonaqlar iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımından bəhs olunub, bu qətliamın 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu bildirilib. Qeyd edilib ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının da bu işdə xüsusi önəmi var. Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.
Tədbirdə Azərbaycan Mill Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri teatr və musiqi kompozisiyaları ilə çıxış ediblər.