İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri, senator Marko Skurrianın təşəbbüsü və İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin təşkilatçılığı ilə iyunun 14-də İtaliya Senatında “Azərbaycanda mina problemi: Beynəlxalq humanitar hüquq məsələsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə İtaliyanın sabiq Baş naziri, “İrəli, İtaliya” partiyasının sədri, senator Silvio Berluskoninin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina probleminin miqyasının böyük olduğunu və Azərbaycan hökumətinin bu təhlükəni aradan qaldırmaq üçün böyük səylər göstərdiyini qeyd edib. O, yalnız yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələri sayəsində həmin ərazilərin minalardan qısa zamanda təmizlənməsinə nail olmağın mümkünlüyünü, bu səbəbdən də beynəlxalq həmrəyliyin və genişmiqyaslı yardımların göstərilməsinin vacib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən “İRS” nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan Qarabağın 900-dən yuxarı yaşayış məntəqəsi tamamilə dağıdılıb, yerlə-yeksan edilib, ərazilər kütləvi olaraq minalanıb. Qeyd edib ki, münaqişədən dərhal sonra sözügedən ərazilərin bərpa və yenidən qurulması məqsədilə təhlükəsiz şəraitin yaradılması və insanların doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələlərdən biridir. O, “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı minatəmizləmə aksiyasının hazırda beynəlxalq normalara uyğun qaydada icra edildiyini, azad olunmuş ərazilərdə müharibədən sonrakı dövrdə 90 minədək mina və digər partlayıcı sursat qalıqlarının aşkarlanaraq zərərsizləşdirildiyini bildirib.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov rəhbərlik etdiyi şirkətin bir sıra korporativ sosial layihələr reallaşdırdığını, “İRS” nəşriyyat evi ilə 10 ilə yaxındır davam edən əməkdaşlıq çərçivəsində Azərbaycanın mədəni irsinin, adət-ənənələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə kitabların nəşrlərinin həyata keçirildiyini bildirib. “Gizli ölüm toxumları” kitabının önəmindən bəhs edən N.İsmayılov Azərbaycan torpaqlarının işğal zamanı və münaqişədən sonra Ermənistan tərəfindən gizli ölüm toxumları olan minalar ilə zəhərləndiyini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mübarizəsində göstərdiyi dəstəyə görə İtaliyaya təşəkkürünü bildirib, iki ölkə arasındakı dostluq, əməkdaşlıq və güclü iqtisadi əlaqələrin hər gün daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycanda mina probleminin yaranmasının səbəblərindən bəhs edən İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsinin vacibliyini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina təhlükəsi ilə mübarizə tədbirlərinə beynəlxalq standartlara uyğun və qabaqcıl texnologiyadan istifadə etməklə bəzi beynəlxalq qurumlar və ölkələr tərəfindən dəstək verildiyini, lakin mövcud mina probleminin miqyası nəzərə alındıqda daha böyük dəstəyə ehtiyac olduğunu vurğulayıb.
Sonra minalardan təmizləmə sahəsində təcrübəsini bölüşən mütəxəssis Massimiliano Sarrokki Azərbaycana səfərindən, minatəmizləmə sahəsində görülmüş işlərdən bəhs edərək minaların təmizlənməsinin sülh və yenidənqurma üçün ilk addım olduğunu qeyd edib.
İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri senator Marko Skurria, Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli və digər çıxış edənlər Azərbaycan dövlətinin bu kəskin və mürəkkəb problemlə öz daxili resursları çərçivəsində mübarizə aparmasının təqdirəlayiq olduğunu bildirib, habelə beynəlxalq ictimaiyyəti bu mübarizədə Azərbaycanla həmrəylik göstərməyə çağırıblar.
Tədbirin sonunda çıxış edən ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Elvin Əşrəfzadə qeyd edib ki, Ermənistanın otuz ilə yaxın hərbi işğalı nəticəsində Azərbaycan hazırda minalar və digər partlayıcı qurğularla dünyanın ən çox çirklənmiş ölkələrindən biridir. E.Əşrəfzadə Azərbaycan ərazilərindəki minaların günahsız dinc əhali üçün ciddi təhlükə törətməkdə davam etdiyini, Üçtərəfli Bəyanatın imzalanmasından indiyədək 304 nəfərin mina və digər partlayıcı qurğuların qurbanı olduğunu, son 30 il ərzində isə mina və kasetli sursat qurbanlarının sayının 3369 nəfər təşkil etdiyini bildirib.
Azərbaycan hökumətinin minalarla mübarizəni özünün milli prioritetlərindən biri hesab etdiyi, minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq etdiyi vurğulanıb. O, işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə probleminin Azərbaycan hökumətinin yenidənqurma və bərpa planlarının həyata keçirilməsinə maneələr törətdiyini, ən əsası isə bu problemin yüz minlərlə məcburi köçkünün öz evlərinə qısa zamanda qayıtmasına əngəl olduğunu qeyd edib və onilliklər boyu doğma yurduna səfər etmək imkanından məhrum olmuş məcburi köçkün kimi öz şəxsi təcrübəsini bölüşüb.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə ərsəyə gəlmiş “Gizli ölüm toxumları” kitabının təqdimatı keçirilib. Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina probleminə həsr olunan kitabda bununla bağlı çoxsaylı faktlar və sənədlər əksini tapıb. Nəşrin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törədilən mina terrorunun, mina və partladıcı sursatların yaşatdığı dəhşətin dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırmaq məqsədilə hazırlandığı qeyd olunub.