“Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas tərkib hissəsidir”
İtaliya Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Vito Petroçellinin “Report”un Avropa bürosuna müsahibəsi:
– Hazırda Azərbaycanla İtaliya arasındakı ikitərəfli əməkdaşlığı, o cümlədən iki ölkənin parlamentləri arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?
– İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq və ikitərəfli münasibətlər həm hökumət, həm də parlament səviyyəsində mükəmməldir. Bu münasibətlərin inkişafında hər iki ölkənin səfirliklərinin, habelə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının rolu önəmlidir. İtaliya Senatının Xarici əlaqələr komitəsinin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən həftə Azərbaycana səfəri zamanı həyata keçirilmiş yüksək səviyyəli görüşlər bunu bir daha təsdiqləyir.
– İtaliya ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini necə görür?
– İtaliya parlamenti BMT qətnamələrinə əməl olunmasını dəstəkləyir və ATƏT-in Parlament Assambleyasında Azərbaycan və Ermənistan parlament nümayəndə heyətlərindən mühüm töhfə gözləyir. Şəxsən hesab edirəm ki, İtaliyanın regional muxtariyyət modeli olan “Trentino-Alto Adice” bir nümunə kimi nəzərdən keçirilə bilər.
– İki ölkə arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
– Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas tərkib hissəsidir. Neft və qaz sektorundakı əməkdaşlıq iki ölkə arasındakı ticarət dövriyyəsində bir neçə milyard avro dəyərində qeyri-bərabərlik yaradır. Hesab edirəm ki, TAP layihəsinin həyata keçirilməsi üzrə İtaliyanın öhdəliyi ilə yanaşı, Azərbaycan tərəfindən də ticarət dövriyyəmizdə mənfi saldonun bərabərləşdirilməsi üçün yüksək keyfiyyətli italyan məhsullarının və xidmətlərinin idxalının dəstəklənməsi yaxşı olardı.