Avropa İttifaqı ölkələrinin vahid valyutası – avronun dövriyyəyə buraxılmasında əsas rol oynamış Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında dünyasını dəyişib. Bu barədə “Frans Press” agentliyinə onun qızı Martina Obri bildirib.
Jak Delor özünün Parisdəki iqamətgahında vəfat edib. Fransanın görkəmli siyasətçisi Prezident Fransua Mitteranın hakimiyyəti dövründə – 1981-1984-cü illərdə bu ölkənin maliyyə naziri vəzifəsini tutub. Delor 1985-ci ildə sonradan Avropa Komissiyası adlandırılan Avropa İcmalar Komissiyasının prezidenti seçilib və üç dəfə ard-arda seçilməklə, 1995-ci ilədək bu vəzifəni icra edib.
Jak Delorun rəhbərliyi ilə Avropada yeni inteqrasiya prosesinə başlanılıb. 1985-ci ildə Şengen sazişi imzalanıb, daha sonra onun hazırladığı proqram Avropa İttifaqının vahid valyutasının dövriyyəyə buraxılması ilə nəticələnib.