Bir qrup media işçisi jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
“Yeni Gündəm” həmin müraciəti təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-
Prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikasının
Baş Prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizlik Xidmətinin rəisi
cənab Əli Nağıyevə
Aşağıda imza edən bir qrup jurnalist
tərəfindən
M Ü R A C İ Ə T :
Möhtərəm Cənab Prezident!
Əvvəlcə dünyanın koronavirus pandemiyasına qarşı mübarizədə çətinlik çəkdiyi bir vaxtda müdrik və qətiyyətli siyasətinizlə, vaxtında həyata keçirtdiyiniz önləyici tədbirlərlə bu bəlanı uğurla neytrallaşdırdığınıza və xalqımızı, yaxınlarımızı, bizi xilas etdiyinizə görə Sizə və hörmətli Mehriban xanıma təşəkkür edirik. Siz həmişə hər bir vətəndaş kimi jurnalistlərin də problemlərini öz probleminiz kimi qəbul edib həll etməyə çalışır, daim jurnalistlərə xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Lakin təəssüflə qeyd etməliyik ki, xeyli vaxt hakimiyyətlə jurnalistlər arasında körpü rolunu oynamalı olan bəzi vəzifəli şəxslər Sizin mətbuata yaratdığınız imkanlardan öz yaxın ətrafları üçün yararlanmağa çalışmışlar. Biz bu barədə həmişə yazsaq da, sosial şəbəkələrdə ictimailəşdirməyə çalışsaq da, həmin şəxslər səlahiyyətlərdən istifadə edərək səsimizin Sizə çatmasının qarşısını almağa çalışmışlar.
Möhtərəm Cənab Prezident!
Jurnalistlərin mənzil təminatı üçün atdığınız addımların, KİV-in inkişafına maliyyə vəsaiti ayırmağınızın dünyada analoqu yoxdur. Dünyada ikinci elə bir ölkə yoxdur ki, dövlət jurnalistə pulsuz ev tikib versin, qəzetlərin çap olunmasına maliyyə dəstəyi göstərsin. Bütün bunlar və sadalamağa fiziki baxımdan imkan olmayan digər layihələr Sizin söz azadlığına, medianın inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Lakin Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri və sabiq köməkçiniz Əli Həsənov Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verdiyiniz vəzifədən ancaq və ancaq bizim hüquqlarımızı tapdalamaq və haqqımızı mənimsəmək üçün istifadə etmişdir. Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaiti ilə tikilmiş 2 Jurnalist binasından mənzil almaq imkanından məhrum olmuş, KİVDF-nin ayırdığı qrantlardan kənarda qalmış, Mətbuat şurasının və KİVDF-nin jurnalistlər üçün təşkil etdiyi heç bir tədbirə çağırılmamışıq. Əli Həsənovun mediaya nəzarət etidiyi dövrdə demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müdədtdə demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər, hətta bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib. Ev alanlar siyahısında elə şəxslərin adı var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik. 2019-cu ildən ölkəmizdə islahatların ikinci dalğası başlamış, bu gün daha güclü şəkildə, daha sürətlə davam etməkdədir. Hüquq-mühafizə orqanlarının Sizin siyasi iradənizə söykənərək korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Lakin bu tədbirlərin mətbuat sahəsində də aparılmasını istəyirik. Uzun illər mətbuata ayrılan milyonlar hara, necə xərclənib məlum deyil, milyonlar xərclənən mətbuat ictimai rəyə təsir gücündə deyilsə, onda o qədər vəsait nəyə xərclənib? Jurnalistlər binasında evlər kimlərə verilib? Sizə müraciətimiz də bu məsələlərlə bağlıdır.
Möhtərəm Cənab Prezident!
2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdır. Belə ki, ictimai – siyasi məsələlər üzrə sabiq köməkçiniz Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışlar, mənzil verilməsi üçün tərtib olunan siyahıda adı olan əksəriyyət bir və daha çox fərdi mənzil sahibi olan, baş redaktor, baş redaktor müavini, redaktor və jurnalistlərin, uzun müddətdir jurnalistikadan uzaq olan, dövlət qulluqçusu olan mətbuat katiblərinin, jurnalistikaya aidiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşova yaxın olan şəxslərin adları qeyd olunmuşdur. Ona görə də Sizə bu müraciəti ünvanlayaraq xahiş edirik ki, jurnalistlər üçün tikilən binalarda mənzil verilən zaman, başda Əli Həsənov olmaqla Vüqar Səfərlinin, Əflatun Amaşovun, Nuşirəvan Məhərrəmlinin və başqalarının hüquqa və qanunazidd əməllərinin araşdırılması, hüquqi qiymət verilməsi, evi ola-ola Jurnalistlər binasında ev alan, kirayə verilən, satılan mənzillərin həmin şəxslərdən geri alınaraq həqiqi ehtiyacı olan şəxslərə verilməsi üçün göstəriş verəsiniz.