Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi” və “Qarabağ” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” klubu “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əvvəli qarşılıqlı hücumlar şəraitində keçsə də, Ağdam klubu 10-cu dəqiqədən sonra təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsi kimi, 5 dəqiqə sonra Abdullah Zubir meydan sahiblərinin 2 müdafiəçisini aldadaraq qapı istiqamətində zərbə endirib. Lakin İvan Brkiç fransalı yarımmüdafiəçinin fərqlənməsinə imkan verməyib. Oyunun 25-ci dəqiqəsində matçda hesab açılıb. Kadi Borges uzaq məsafədən qapını dəqiq nişan alıb. Ardınca müdafiəçilərin kobud səhvindən sonra Ramil Şeydayev qolkiperlə təkbətək çıxsa da, fərqlənə bilməyib. “Qarabağ”ın çoxsaylı hücum cəhdlərinə baxmayaraq, ilk hissədə hesab dəyişməyib.
Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” matçın 62-ci dəqiqəsində fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah”- “Qəbələ” və “Səbail”-“Sumqayıt” görüşləri ilə yekun vurulacaq.