“Prezident İlham Əliyev tərəfindən dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarına hələ 2018-ci ildən başlanılıb. Bu islahatlar cəmiyyət tərəfindən də çox ciddi rəğbətlə qarşılanır”.
Bunu “Report”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
O xatırladıb ki, keçmiş MTN-in imicinə məlum səbəblərdən xələl gəlmişdi:
“Ancaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bütövlükdə imici bərpa edilib. İcra başçıları və onun müavinlərinin, nazir müavinlərinin artıq bu məsələdə günahları aşkar olduqdan sonra qanun qarşısında bərabərliyinin təmin olunması, ciddi şəkildə cəzalandırılması onu göstərir ki, dövlət israrlıdır ki, islahatlar həyata keçirilsin və cəmiyyətdə neqativ hallar aradan qaldırılsın”.
Partiya sədrinin sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilməsi bir qədər də rəmzi məna daşıyır ki, prokurorluğun apardığı prioritet sahələrdən biri də korrupsiyaya qarşı mübarizə olacaq:
“Çox üzücü bir haldır ki, ölkədə çox ciddi dəyişikliklərin baş verdiyi bir zamanda hamı səfərbər olur, Prezident müraciət edir, sadə vətəndaşlar belə əllərindən gələni etməyə çalışır, ancaq hakimiyyətdə olan korrupsiyaya uğramış məmurlar islahatlara dəstək vermək əvəzinə ciddi badalaq vururlar. Hesab edirəm ki, kadr islahatları və korrupsiya ilə mübarizə tədbirləri davam etdirilməlidir. Həmçinin kadr siyasətində yeni baxış da olmalıdır. Siyasi mövqeyindən asılı olmayaraq dürüst, peşəkar adamların vəzifəyə gətirilməsi də mümkündür. Hesab edirəm ki, vətənə, ölkənin taleyinə bağlı olan şəxslər iş başında olmalıdır. Aparılan bütün proseslər hamı tərəfindən, o cümlədən siyasi partiyalar, bizim partiya tərəfindən də rəğbətlə qarşılanır”.