Kapitolidə baş verən qarışıqlıqlar zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbuku oğurlanıb.
“Report” xəbər verir ki, bu barədə onun köməkçisi Dryu Xemill bildirib.
“Noutbuk konfrans zalından oğurlanıb. Bu, yalnız təqdimat mərasimlərində istifadə edilən noutbuk idi”, – deyə Xemill özünün tvitter səhifəsində yazıb.
Çərşənbə günü ABŞ prezidenti Donald Trampın tərəfdarları dövlət başçısının çıxış etdiyi mitinqdən az sonra Kapitoli binasına soxulublar. Nəticədə Kapitoliyə maddi ziyan dəyib. Bir neçə saatlıq qarışıqlıqlarla əlaqədar Konqresdə ABŞ-da keçirilmiş prezident seçkilərində Co Baydenin qələbəsinin təsdiq olunması yubanıb.