Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən əməl edilməsinə nəzarət gücləndirilib.
Rayon icra hakimiyyətində bununla əlaqədar yaradılan xüsusi komissiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar respublikamızda koronavirus pandemiyasına yoluxanların sayının artması, tətbiq olunan sərt karantin rejimi qaydalarına riayət olunması Göyçayda da diqqət mərkəzindədir. Bununla əlaqədar mütəmadi olaraq reydlər keçirilir. Təkcə son 3 gün ərzində küçə və parklarda, ticarət obyektlərində, banklarda və bankomatların qarşısında, ümumiyyətlə əhalinin sıx olduğu yerlərdə karantin qaydalarına əməl olunmasına nəzarət məqsədilə rayon polis şöbəsi tərəfindən 253 reyd keçirilib. Reydlər zamanı 180 nöqsan aşkar edilib. Karantin qaydalarını pozan 14 nəfər barəsində protokol tərtib olunub.