Xorvatiyanın Poreç şəhərində karate və parakarate üzrə Avropa çempionatları keçirilib.
AZƏRTAC xəbər verir ki, karate üzrə Avropa çempionatını Azərbaycan komandası 4 medalla başa vurub. Belə ki, idmançılarımızdan İrina Zaretska (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin üzvləri Rafael Ağayev (75 kq) və Pənah Abdullayev (84 kq) gümüş medal, kumite milli komandamız isə bürünc medal əldə ediblər.
Bu nəticə ilə millimiz Türkiyə (6 qızıl, 2 gümüş, 1 bürünc medal), Almaniya (2 qızıl, 2 gümüş, 1 bürünc medal) və İspaniya (1 qızıl, 3 gümüş medal) yığmalarından sonra 4-cü sırada qərarlaşıb.
Qırx yeddi ölkədən 513 karateçinin iştirak etdiyi qitə çempionatında Azərbaycan komandası 15 idmançı ilə təmsil olunub.
Parakarate üzrə Avropa çempionatını isə millimiz 3 medalla başa vurub. Belə ki, təmsilçimiz Emilia Mitilinova birinci, Sahib və Eldar Əhmədov üçüncü yeri tutublar. Bu nəticə ilə komandamız ümumi hesabda üçüncü pillədə qərarlaşıb.
Qitə çempionatında 5 qızıl, 2 gümüş medal qazanan İspaniya yığması birinci, aktivində 1 qızıl, 1 gümüş medal olan Macarıstan yığması isə ikinci yeri tutub.
Parakarate üzrə qitə çempionatında 15 dövlətdən 49 idmançı iştirak edib. Turnirdə Azərbaycanı 5 parakarateçi təmsil edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) icraiyyə komitəsinin üzvü Yaşar Bəşirov qitə çempionatlarının mükafatlandırma mərasimində iştirak edib. Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarını idarə etməyə dəvət alan beynəlxalq hakim və EKF Hakimlər komitəsinin üzvü Cahangir Babayev Avropa çempionatında final görüşlərini idarə edən referilər arasında olub.
Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov yarış günlərində komandaya dəstək vermək üçün Avropa çempionatlarında idmançılarımızla bir yerdə olub. Komanda ilə görüşdə F.Qurbanov qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb.
Yarışdan sonra EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Türkiyə Karate Federasiyasının rəsmilərinə verilib.