Avqustun 25-də Bakıda təşkil olunacaq “Khojaly Global Promotion-2” yarışı ilə əlaqədar mətbuat konfransı keçirilib.
“Report” xəbər verir ki, tədbirdə çıxış edən “Khojaly Global Promotion” şirkətinin prezidenti, Kunq-Fu Federasiyasının vitse-prezidenti Ehram Məcidov gördükləri işlərdən danışıb.
O bildirib ki, “Khojaly Global Promotion” şirkəti peşəkar idmançıları hazırlanması və yarışıarın təşkili üçün əlindən gələni edir: “Şüarımız “Xocalıya ədalət”, məqsədimiz Xocalı faciəsini bütün idman ictimaiyyətinə tanıtmaqdır. İstəyirik ki, dünya səviyyəsində tanınan idmançılar bizimlə birgə “Xocalıya ədalət” desinlər. Biz Xocalıda baş verən soyqrımla bağlı bukletlər hazırlamışıq. İdmançılarımız döyüşlər zamanı bunları əcnəbi rəqiblərinə verirlər. Bukletin birini Almaniya Peşəkar Boks Federasiyasının vitse-prezidenti Artur Ellensohna təqdim edirəm”.
E.Məcidov yarışda Türkiyə, Rusiya, Qazaxıstan və İran idmançılarının iştirak edəcəklərini də əlavə edib.
Öz növbəsində A.Ellensohn “Khojaly Global Promotion” şirkətinə uğurlar arzulayaraq, Almaniya Peşəkar Boks Federasiyasının hər cür dəstəyi verəcəyini və Bakıda seminar keçirəcəklərini söyləyib. Qonaq daha sonra “Khojaly Global Promotion” üçün Peşəkar Boks lisenziyasını E.Məcidova təqdim edib.
Keçmiş peşəkar boksçu Fariz Məmmədov “Khojaly Global Promotion” ikinci yarışını təşkil etdiyini xatırladıb: “Qarabağ Azərbaycanın yaralı yeridir. Bu işdə üzərinə düşəni etmək hər kəsin borcudur. Ehram Məcidov çox peşəkar komanda yaradıb. Burada Xocalının adı var. “Khojaly Global Promotion” qısa zamanda dünyada zirvələri fəth edəcək”.
Çıxış edən digər şəxslər də “Khojaly Global Promotion” şirkətinin qısa zamanda gördüyü işlərdən danışıblar. Bildirilib ki, əsas məqsəd peşəkar idmançıların yetişdirilməsi və Xocalı həqiqətlərini dünyaya çatdırmaqdır.
Tədbirin sonunda çəkiölçmə mərasimi keçirilib.
Qeyd edək ki, “Dalga Beach Aquapark Resort” Ailəvi İstirahət Mərkəzində baş tutacaq beynəlxalq turnirdə peşəkar boks, kunq-fu və MMA üzrə yarışlar keçiriləcək.