Kimin haqqında nə danışdığınızın həddini bilin – Sadiq Qurbanovdan XATIRLATMA

Sadiq Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
 
H.Əliyev: “Məni təhqir edəni bağışlaram, amma xalqımı, millətimi təhqir edəni bağışlamaram!”
Bu gün yazacaqlarıma məsuliyyət anlayışından başlayacağam. Məsuliyyət аilədən başlayır, belə ki, atanın evin başçısı, ananın evin xanımı kimi, övladların isə övladlıq borcunun nədən ibarət olduğunu dərk etməsidir. Qeyd etdiyimiz bu ibtidai məsuliyyət cəmiyyətin bütün təbəqələrində və vəzifələrində görünənlərin məsuliyyətinə qədər əhatəli olur.
Dövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada, siyasi məsuliyyətin ancaq güclü ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə boyda incəliyi ilə tanış olmaq da mümkün olmaz. Yəni, siyasət-bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olub.
Heydər Əliyevin qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkar olunmazdır. Bu şəxsiyyət keyfiyyətlərinə malik olana qədər O, düzgün etiqadla, doğru sözlə və düzgün əməllə ömür yaşayıb. Bu amillərə yiyələnməkdə isə həyatdakı ictimai-siyasi prosesləri olduğu kimi dərk etməsi əvəzsiz rol oynayıb.
Heydər Əliyev anadan siyasətçi, dövlət xadimi kimi doğulmayıb. O, sadəcə olaraq adi bir azərbaycanlı ailəsində dünyaya gəlib. Real hadisələri dərk edərək yaddaşda möhkəm həkk olunmağı vacib olan hadisələrin nəticələrini müqayisə edərək şüurunda yerləşdirmə istedadına da malik olub. Dərin ağıl, yüksək səviyyəli təsəvvür, möhkəm təfəkkür vasitələri ilə anlayışları hafizəsində yerbəyer edib, yaddaşında möhkəm saxlaya bilmək bacarığına malik olub. Diqqətini ancaq özünə gərəkli olan məsələləri deyil, ümumiliyə hava, su kimi vacib olan məsələləri mənimsəməyə səy göstərib, ölkədə və ətrafında baş verən təhlükələrə dövlət və milli maraqlar konteksindən baxıb və ona düzgün münasibət bildirib. Ölkəmizin ən çətin dövründə, onun ziddiyətli, mürəkkəb hadisələr burulğanına düşmüş bir zaman, ölkəmizi parçalamağa cəhd edən qüvvələrin ciddi fəallaşdığı, ərazi bütövlüyünün pozulduğunun gerçəkliyə çevrildiyi və beləliklə, müstəqilliyimizin ciddi təhlükə aldığı və Azərbaycanın beynəlxalq aləmdə təkləndiyi bir vaxtda özünün vətəndaş məsuliyyətini dərk edən Heydər Əliyev xalqın səsinə səs verərək, onun tələb və iradəsinə tabe olaraq, Azərbaycana rəhbərlik etməyə razılıq verdi.
Heydər Əliyev bu razılığı təkcə xalqımızın xahişi və tələbi ilə yox, həm də vicdanının tələbi ilə etdi. Vətənə, ana torpağa bağlılıq, övladı olduğu xalqına dərin məhəbbəti və xalqın ona olan böyük inamı Heydər Əliyevin bu addımı atmağa, Azərbaycanın müstəqilliyini və azadlığını qorumaq üçün bu ulu və müqəddəs vəzifəni öz üzərinə götürməyə vadar etdi. Vətənə, ana torpağa bağlılıq, övladı olduğu xalqına dərin məhəbbəti və xalqın ona olan böyük inamı Heydər Əliyevi bu addımı atmağa, Azərbaycanın müstəqilliyini və azadlığını qorumaq üçün bu ulu və müqəddəs vəzifəni öz üzərinə götürməyə vadar etdi.
Heydər Əliyev siyasi fəlsəfəsinin az da olsa, tərkibini təşkil edən bu şəxsiyyət amilləri onun alicənab, hazırcavab, bütöv əqidəli siyasi xadim kimi yetişməsinin əsasını təşkil edib.
Heydər Əliyev erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnib. VI əsrdə Göytürk xaqanı olmuş Qara İssık xanın oğlu Şetunun Çin xaqanın məktubuna cavabına diqqət yetirək: “Sizə hər il vergi göndərəcəyəm, bütün vaxtımı sizə sərf edəcəyəm, sözünüzü dinləyəcəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə bizim ənənələrimiz qədimdən qalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!”
Göytürk xaqanı Şetunun Çin hökmdarına cavabının siyasi mahiyyətini anlamaq o qədər də çətin deyildir. Ona görə ki, Göytürklər iki yerə bölünürlər. Çin hökmdarı da bu fürsətdən isifadə edərək onlaın zəiflədiklərini düşünür və xüsusi şücaət və ağıl sahibi olan Şetu xaqanı hiylə ilə ələ almaq istəyir. Şetu isə Çin hökmdarına çatdırır ki, təkcə mən sənin qulun ola bilərəm. Amma iki yerə bölünən türkün bir ürəyi, bir əqidəsi, bir inamı, bir məsləki, bir gücü vardır. Bunun davamı olaraq Heydər Əliyev türk dövlətlərinin birliyini yaratma siyasi ideyası VI əsr tariximizdən öz başlanğıcını götürüb.
Bu qüdrətli düha sahibinin “Məni təhqir edəni bağışlaram, amma xalqımı, millətimi təhqir edəni bağışlamaram!”,  – ürək sözünün də fikir tarixi həmin dövrün bu günün əks-sədasıdır. Bu Heydər Əliyevin türk dünyası qarşısında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyələnir.
Milli tariximizin bütün dövrlərində qüdrətli sərkərdələrimizin siyasi baxışlarının bütövlüyü sayəsində türk dünyası özünün şərəfli, şanlı tarixini yaşamışdır. Sonrakı dövrlərdə Uzun Həsənin anası Sara Xatunun ilk diplomat qadınımız kimi yaxın və uzaq dövlətlərin başçıları ilə siyasi danışıqlar prosesində siyasi gedişləri ilə qarşısındakıları heyran qoyması da bizə bəllidir. Anamız Sara Xatunun bu siyasi gedişlərdə qarşısındakıları mat qoymasını onun övladı, əqli qüdrət sahibimiz Heydər Əliyev XX əsrin İkinci yarısında, XXI əsrin ilk illərində təkrar və təsdiq etmək istedadına malik ola bilmişdir.
Belə misalların sayını istədiyimiz sayda qeyd edə bilərik. Təkcə onu qeyd edə bilərik ki, Heydər Əliyev səfəvilərin bütöv dövlətçilik yaradıb yaşatmaq siyasətinin mahiyyətini də zərrə-zərə mənimsəmək gücündə olmuşdur.
1990-cı illərdə müstəqil Azərbaycanın başına gətirilən müsibətlər hamımıza bəllidir. O dövrün səriştəsiz dövlət başçıları təcrübəsiz olduqlarına görə xarici təcavüzlə daxili təxribatın vəhdətinin mahiyyətindən baş aça bilmədiklərinə görə ölkəmiz ən ağır vəziyyətlə qarşılaşdı. 1993-cü ildə ziyalılarımızın “Nicat müdrik şəxsiyyət Heydər Əliyevin zəkasındadır”- qətiyyətli qərarına xalqımız da səs verdi və Heydər Əliyevi hakimiyyətə gətirdilər. Bu qayıdış həm də xilaskarlıq missiyasını dəqiqləşdirdi.
Müqayisəmizə diqqət yetirək. VI əsrdə Göytürk xaqanı Şetunun , XV əsrdə Səfəvilərin, XX əsrin son 10 ilində isə Heydər Əliyevin əqidə və siyasi bütövlükləri əsrlərin qoynunda bir-birlərinə meydan verib.
Başqa bir tarixi fakti misal gətirək. Türk xaqanı Gültəkin 16 yaşına çatanda igid ər olur. Atası Eltəris xaqanın yaratdığı möhtəşəm türk dövlətinin parçalandığını gözləri ilə görür. Elə bu vəziyyəti görən Gültəkin türk dövlətinin bütövlüyünü yenidən bərpa etmək üçün düşüncəsinə güc verir. Siyasi fəallığı ilə qolunun gücünü birləşdirərək hücum planları hazırlayır. Geniş əraziyə malik olan Eltərisin dövlətini yağı düşmənlərdən təmizləyir, dövlətinin ərazisini və qüdrətini bərpa edir. Bu əməli ilə o anası Umayın ürəyinə, könlünə sevinc bəxş edir.
Eyni siyasi fəallığı qüdrətli türk hökmdarı Əmir Teymurda da müşahidə etmişik. O hücum planları üzərində bir ay işləyərmiş, bir ay ibadət edərmiş və pirin deyə qəbul etdiyi Əbubəkir Tanbazinin məsləhətlərinin xəbəri gələndə yaradana inam göstərərək yürüşə başlayarmış. Onun döyüş zəfərləri də bizə bəllidir.
Ulu Öndərimiz ancaq ideyalar döyüşündə iştirak edib. Belə ki, o əqli qüdrətlərin mübarizə meydanında siyasi fəallığının gücünə, dərin hikmətinin zənginliyinə, zəkasının inamına arxalanaraq qarşısındakıları heyran qoymağa bacarıb.
Milli tariximizin səhifələrini diqqətlə nəzərdən keçirdikcə bu keyfiyyətlərin şahidi olururq. Qəhrəmanlıq eposumuz olan “Koroğlu” da düşüncəmizin yüksəliş dövrünün məhsuludur. Bu dastan həm fəlsəfi-estetik, həm də xüsusi əxlaqi dəyərlər əsasında epos kimi təşəkkül tapmışdır. Xalq Koroğlunu fəlsəfi-siyasi düşüncələri ilə ədalətin, həqiqətin qoruyucusu olan milli qəhrəman zirvəsinə ucaldıb. Xalqın yaratdığı bu qəhrəman ancaq zalımların düşmənləridir. Milli bütövlüyü yaşatmaq üçün etdiyi səfərlərindəki ərazilər genişdir, amma dil, düşüncə, əqidə birdir. Əsil həqiqət budur ki, Koroğlu Qazan xanın əqidə davamçısıdır. Qazan xanda müdrik Dədə Qorqudun hikmətli nəsihətlərini, öyüdlərini yerinə yetirir. Oğuz elinə gəc baxanlarla mübarizədən çəkinmir. Onun da inamı bütöv ərazini, həm də bütöv oğuz dövlətini yaşatmaq olub.
Belə misallar milli tariximizdən soraq verən səlnamələrimizdə yetərincədir. Sərkərdələrimizin siyasi baxışlarını bu səlnamələrimizdən məharətlə dərk edən Heydər Əliyev özünün siyasi düşüncələrini milli tariximizdə sərkərdəlik etmiş şəxsiyyətlərimizin siyasi fəaliyyətləri hesabına zənginləşdirmişdir. Özünü siyasi cəhətdən yetkin bir şəxsiyyət zirvəsinə yüksəltməyi bacarıb.
Onun ən böyük inamı isə Yaradanın özünə olub. Bu hiss Ucalardan uca dayanan Sirr, hikmət sahibinə inamdan başlanmış siyasi fəlsəfəsinin ucalığa qovuşmasında tamamlanıb.
Burada belə bir fikri də qeyd etmək yerinə düşərdi ki, bütün siyasi baxışları və bütöv əqidələri sərkərdəlik edənlər dövlətin ərazisini, xalqı da bütöv görmək üçün ömür yaşayırlar. Bunları xatırlatmaqla bu gün özünü xalqa “qəhrəman” kimi göstərmək istəyənlərə demək istəyirəm ki, kimin haqqında nə danışdığınızın həddini biləsiniz.
Türkün uzaq tarixini öyrənməyə vaxt tapmasanızda ən yaxın tarixə – ümummilli liderimiz Heydər Əliyevin can Azərbaycanımızın xilası tarixinə və müasir dünya siyasətinin formalaşmasında müstəsna rolu olan cənab İlham Əliyevin apardığı siyasətə diqqət edəsiniz, araşdırasınız. İçinizdə vicdan deyilən bir şey varsa özünüzün dövlət və dövlətçilik, üçün yerini müəyyənləşdirəsiniz,milli inkişafımız üçün milli dəyərlərə hörmət edəsiniz.
Ömrünü millətin, xalqın bütövlüyünə həsr etmiş insanlar haqqında uydurmalar, yalanlar, böhtanlarla insanları çaşdırmayasınız. Bir sözlə, ƏDALƏTLİ İNSAN olun!
Qeyd edək ki, Sadiq Qurbanov 9 fevral 2020-ci il tarixində keçirilən Milli Məclisə 6-cı çağırış seçkilərində 54 saylı Siyəzən-Şabran seçki dairəsindən qalib olmuşdur. Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Sadiq Qurbanov seçki kampaniyası müddətində seçiciləri ilə ən çox görüş keçirən namizədlərdən olmuşdur. Kampaniya müddətində 82 dəfə geniş miqyaslı görüşlər keçirmişdir.
AMVPRESS.AZ
ƏvvəlkiMSK-nın iclası keçirilir
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub