Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları “Şuşa həqiqətləri” adlı tədbir keçiriblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Lətifə Məmmədova, əməkdaşlardan İradə Hüseynova, Yeganə Qafarova, Sevil Namazova və Lalə Səlimova çıxışlarında Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərinin tarixindən, tarixi-mədəni, ictimai-siyasi həyatın mühüm mərkəzlərindən biri olmasından, şəhərin təməlinin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmasından söhbət açıblar.
Vurğulanıb ki, Şuşa şəhəri Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də işğal edilib və şəhərdə xalqımızın tarixi-mədəni irsi dağıdılıb. 8 noyabr 2020-ci il Şuşanın tarixində şanlı bir gün kimi yazılıb. Şuşa şəhəri 28 illik işğaldan azad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” şüarı ilə tədbirə yekun vurulub.