Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə aparıcı İsmayıl Şıxlının yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Tədbirdə yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası haqqında xatirələrini bölüşüb.
“Dəli Kür” filmindəki Mələk obrazı ilə yaddaşlarda qalan Əməkdar artist Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilk və uğurlu işidir.
Çıxış edən natiqlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Sonda İsmayıl Şıxlının kitablarından və şəkillərindən ibarət sərgi nümayiş olunub.