Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin regionlarda sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə, xüsusilə də regionlarda fəaliyyət göstərən biznes subyektlərinin böyük əksəriyyəti mikro və kiçik sahibkarlardır. Regionlarda mikro və kiçik biznesin uğurlu fəaliyyəti yerli əhalinin rifahı və məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu istiqamətdə agentliyin qarşısında duran başlıca prioritetlər, xüsusilə regionlarda mikro və kiçik sahibkarlığın inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxışlarının genişləndirilməsidir. Sahibkarlara dəstək və xidmətləri yerində təmin etmək üçün agentliyin regionlarda KOB evləri, KOB inkişafı mərkəzləri və “KOB Dostu” şəbəkəsi fəaliyyət göstərir. KOBİA-nın regionlar üzrə dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
O.Məmmədov, həmçinin “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində agentliyin KOB inkişaf mərkəzləri ilə birgə təlimlərin təşkil edildiyini və mikro sahibkarların maliyyələşdirildiyini vurğulayıb.