KOBİA yanında İctimai Şuraya seçkilər zamanı narazılıq üzə çıxıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuraya namizədlərin verilmə prosesi zamanı narazılıq üzə çıxıb.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov namizədliyinin qeydə alınmamasını “İctimai İştirakçılq haqqında” Qanuna zidd hesab edir. O, bunu turk.az-a açıqlamasında bildirib.

“Namizədliymin qeydə alınmadığı barədə bildiriş göndəriblər. Bildirişi olduğu kimi diqqətinizə çatdırıram –

“Bildiririk ki, Şuranın formalaşdırılması ilə bağlı elanda da qeyd edildiyi kimi, Şura biznes assosiasiyaları və birliklərindən, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan və bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarından ibarət tərkibdə formalaşdırılır və müvafiq vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması tələblərdən biridir.

Tərəfinizdən təqdim edilmiş sənədlərə əsasən, namizədliyinizi tövsiyə edən vətəndaş cəmiyyəti institutunun meyarlara uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən namizədliyinizin qeydə alınmasından imtina edilmişdir”.

İctimai Birlik sədri imtina üçün göstərilən səbəblərin onu qane etmədiyini bildirib: “Düşünürəm ki, imtina “İctimai İştirakçılq haqqında” Qanunun bəndlərinə uyğun deyil. Bu üzdən seçki komissiyasının rəsmi elektron poçtuna məktub yazdım. Yazdığım məktubu sizlərin diqqətinə çatdırıram ki, bu ictimai məsələ olduğundan (burada imtinanın mənə və yaxud digər şəxsə verilməsi önəmli deyil). Dövlət qurumlarında gec-tez başa düşməlidirlər ki, İctimai Şuralar onların “arxa bağçası” olmaqdan çıxmaqda qərarlıdırlar. Dövlət qurumları köhnə qaydada özlərinin ictimai şuralarını yaratmaqdan əl çəkməlidirlər.

“Hörmətli KOBİA yanında seçki komissiyasının üzvləri, namizədliymi qeydə almamağınızla razı deyiləm. Siz ilk növbədə “İctimai iştirakçılıq haqqında” qanunu diqqətlə oxuyun. İctimai iştirakçılığın fəlsəfəsini, nəyə görə yaradıldığını, burada məqsədin nə olduğu barədə düşünün. Komissiya olaraq siz “İctimai İştirakçılıqla haqqında” Qanuna istinad etməlisiniz, daha KOBİA rəhbərliynin tərtib etdiyi əsasnaməyə istinad edib namizədliyini verən şəxsin namizədliyini qeydə almamaq hüququnuz yoxdur.  Peşəkarlıq, təcrübə məsələsi, sadəcə sizin istəyniz ola bilər, qanun isə belə demir.

İctimai İştirakçılıqla bağlı qanundan bir bəndi diqqətinizə çatdırıram – “6.1. İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu Qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər”.

Bu bəndə diqqət yetirin – sizcə 16 yaş həddini niyə qoyublar, 16 yaşlı bir şəxsdə peşəkarlıq, təcrübə hansı həddə ola bilər. Bu o deməkdir ki sadəcə təhlil etmək bacarığı olan və bu işin öhdəsindən gələ bilərəm deyən istənilən şəxs ictimai şuralara namizədliyin verə bilər. İctimai şuralar yanında olduğu qurumun kadr bankı deyil ki, mütəxəsis, peşəkar filan olması önəmli olsun.

İctimai şuraların əsas məqsədi qanunda göstərilib

Maddə 3. İctimai iştirakçılığın məqsədləri

3.0. İctimai iştirakçılığın məqsədləri aşağıdakılardır:

3.0.1. vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;

3.0.2. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;

3.0.3. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili;

3.0.4. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması;

3.0.5. dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;

3.0.6. əsas insan və vətəndaş hüquqlarının müdafiəsi.

Göründüyü kimi, bu işləri görmək üçün heç də yanında təmsil olunduğun qurumun bilicisi olmaq önəmli deyil. Vicdanlı, dürüst və problemləri görüb, təhlil etmək bacarığı olan hər kəs namizədliyini İctimai Şuralara verə bilər.

Sədri olduğum “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi uzun illərdir QHT sektorunda aktiv fəaliyyət göstərir, sahibkarlara yönəlik layihələrmiz kifayət qədər olub ki, onların bir neçəsini qeyd etmişəm.

Vaxtı bitən İctimai Şuranızın əksər üzvləri dediyniz kimi biznes assosiasiyalarını təmsil edir. Adından da göründüyü kimi, bu assosiasiyalar gəlir əldə etmək istəyən MMC-lər üçün dolayısı ilə şərait yaradan qurum deməkdir. İctimai iştirakçılığın fəlsəfəsinə yad olan bir qurumdur, bu üzdən ictimai iştirakçılıqla bağlı qanunda adları keçən qurumlar arasında asossasiyalar nəzərdə tutulmayıb. Aşağıda Qanunun əsas anlayışları bölməsində adı keçən birliklərin bəndini əlavə edirəm.

1.0.2. vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri.

Hörmətli komissiya üzvləri, xahiş edirəm mənim namizədliym məsələsinə “İctimai İştirakçılıq haqqında” Qanunundan gətirdiyim istinadlara uyğun yenidən baxıb, qərar verəsiniz.

 

Bir daha imtina etsəniz rəsmi məktub formasında “İctimai İştirakçılıq haqqında” Qanununun bəndlərinə istinad edib cavab verin ki, bu məsələ ilə bağlı lazımı hüquqi addımları ata bilim.

“İctimai İştirakçılıq haqqında” Qanundan bir bəndlə müraciətmi tamamlayıram.

Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət.

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

 

 

Əvvəlki“Qarabağ Azərbaycandır” müsabiqəsinin qalibi olan iki layihə üzrə müqavilələr imzalanıb
NövbətiSuriyada düşərgələrdə saxlanılan 16 azərbaycanlı ölkəmizə gətirilib