Türk Şurasının himayəsi altında Qırğızıstanda beynəlxalq təşkilat kimi Köçəri Sivilizasiya Mərkəzi (KSM) yaradılacaq və mərkəzin iqamətgahı Bişkek şəhərində olacaq.
Türk.az Qırğızıstanın “Kabar” Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri ümumi tarix, dil və mədəni əlaqələri əsas tutaraq qloballaşma dövründə türk xalqları arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək, ənənələri qoruyub saxlamaq məqsədilə belə bir beynəlxalq təşkilat yaradacaqlar.
Belə bir mərkəzin yaradılmasından bir məqsəd də idmanın inkişafı yolu ilə türkdilli xalqlar və başqa dövlətlər arasında qarşılıqlı inam və əlaqələr yaratmaq, idman tədbirləri vasitəsilə köçəri mədəniyyətinin ənənələrini populyarlaşdırmaq, idman vasitəsilə inteqrasiyanı möhkəmləndirməkdir.
Köçəri Sivilizasiya Mərkəzinin yaradılması ilə bağlı məsələ bu ilin sentyabr ayında Qırğızıstanın Çolpan-Ata şəhərində Türk Şurasının Xarici İşlər nazirləri Şurasının iclasında təsdiq ediləcək.
Mərkəzin rəhbəri dörd ildən bir rotasiya üsulu ilə üzv ölkələrin nümayəndələrindən seçiləcək.