Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv olan könüllü təşkilatlarının rəhbərləri 28 May – Müstəqillik Günü münasibətilə İstiqlal Bəyannaməsi abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoyublar.
Bu barədə AZƏRTAC-a AKTİ-dən məlumat verilib.
Bildirilib ki, 100-dən çox Azərbaycan könüllüsü, həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və tər güllər qoyublar.
Könüllülər sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarlarının üzərinə qərənfillər düzüblər.