Yeni koronavirusun yayılması ilə bağlı yaranan vəziyyət futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təşkili planına heç bir təsir etməyəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsi məlumat verib.
Şənbə günü Qətərin Səhiyyə Nazirliyi koronavirusa ilk yoluxma halının qeydə alındığını açıqlayıb.
“Çempionatın başlamasına hələ 32 aydan da artıq vaxtımız var. Hökumət koronavirusa birinci yoluxma halından xəbərdardır. Lakin bunun bizim planlarımıza heç bir aidiyyəti olmayacaq. Belə bir irimiqyaslı hadisənin təşkilatçısı kimi biz hər vəziyyətə uyğun plana malikik”, – deyə təşkilat komitəsindən bildiriblər.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Yeni koronavirus 2019-cu ilin dekabrında Mərkəzi Çində – əhalinin ən sıx yaşadığı 12 milyonluq Uhan şəhərində baş qaldırıb. Dünya Səhiyyə Təşkilatı vəziyyəti fövqəladə hal hesab edərək, çoxsaylı ocaqlara malik epidemiya kimi dəyərləndirib. Yoluxma halı Çindən başqa 50-dən artıq ölkədə qeydə alınıb.