SSRİ rəhbəri İosif Stalinin qərarı ilə Krım tatarlarının vətənlərindən Mərkəzi Asiyaya deportasiya edilməsindən 76 il ötür.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, çar Rusiyasının imperatriçası II Yekaterinanın Krım tatarlarına qarşı başlatdığı məhvetmə siyasəti tarixin digər dövrlərində də davam etdirilib.
Osmanlı-Rusiya müharibəsindən sonra, 1774-cü ildə Kiçik Qaynarca müqaviləsinin imzalanması nəticəsində Osmanlıdan ayrılan Krım yarımadasının 1883-cü ildə Rusiyanın işğalı ilə daha ağır dövrləri başlayıb.
Belə ki, Çar Rusiyasının təqib siyasəti sonucunda on minlərlə Krım tatarı öz vətənini tərk edərək Osmanlıya köçməyə məcbur olub.
Krım yarımadası İkinci Dünya müharibəsi dövründə bir müddət Hitler Almaniyasının nəzarətində qalsa da, Qırmızı Ordu tərəfindən geri alınıb. Krım tatarlarının sovet ordusunda döyüşmələrinə baxmayaraq, bəzi rus komandirlər onları almanlarla əməkdaşlıqda suçlayıb. Beləliklə, Krım tatarlarına qarşı təqib siyasəti onların vətənlərindən sürgün edilməsi ilə davam etdirilib.
Deportasiya 1944-cü il mayın 18-də yerli vaxtla saat 03:00-da başladılıb. Sürgünün tez bir zamanda bitirilməsi üçün əməliyyatın iyunun 1-dək tamamlanması əmr edilib.
Eyni dövrdə İkinci Dünya müharibəsi davam etdiyi üçün kişilərin əksəriyyəti cəbhədə olduğuna görə Krımda qalan qadınlar, uşaqlar və yaşlılar olub. Onlar gecə yarısında yuxudan oyadılaraq 15 dəqiqə içində meydanlarda toplanıb və qatara doldurulublar. 250 minə yaxın Krım tatarı üç gün içində heyvanların daşındığı vaqonlarla Mərkəzi Asiyaya sürgün edilib. Deportasiya edilənlərin təqribən yarısı yollarda xəstəlikdən, aclıqdan və ağır şəraitdən vəfat ediblər. Deportasiyadan sonra yarımadadakı türkcə toponimlər rusifikasiyaya uğrayıb.
Stalinin ölümündən sonra Ukraynanın Rusiyaya birləşməsinin ildönümü səbəbindən Krım Ukrayna Sovet Sosialist Respublikasına hədiyyə edilib. 1965-ci ildən etibarən Krımdan sürgün edilən tatarlar vətənlərinə dönmək üçün siyasi fəaliyyətə başlayıblar.
Sovet İttifaqının çöküşündən sonra Krım tatarlarının vətəni Ukraynaya bağlı Krım Muxtar Respublikasına çevrildi.
2014-cü ildə Ukraynada hakimiyyətin qərbyönümlü siyasətçilərə ötürülməsindən sonra Rusiya 2014-cü ildə Krımı ilhaq edib. Beləliklə, Krım tatarları II Yekaterina və Stalin dövrlərində olduğu kimi yenidən təqib siyasətinin qurbanı olub.
Qeyd edək ki, hazırda Ukrayna başda olmaqla, Latviya, Litva və Kanada bu deportasiyanı Krım tatarlarının soyqırımı olaraq tanıyıb.
Krım Tatar Milli Məclisinin “ekstremist təşkilat” olaraq fəaliyyəti yasaqlanıb. Bununla da Məclislə birbaşa əlaqəsi olan 2 500-dən çox tatar ekstremist təşkilat üzvü vəziyyətinə salınıb. Minlərlə tatar yarımadanı tərk edib.
Krım tatarlarının evlərinə, məscidlərə, uşaq evlərinə edilən təzyiqlər və “terror təşkilatına üzv olma” iddiası ilə saxlanılmalar davam edir.
Bildirilib ki, ötən il Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə 86 əməliyyat keçirib. Bu basqınlarda 157 nəfər saxlanılıb, 194 nəfər sorğuya çəkilib, 335 nəfər isə həbs edilib.
Xatırladaq ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.