Lənkəran rayonunun Osakücə kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hümmətov Tural Rövşən oğlunun şəhadətə qovuşmasının ikinci ildönümündə onun əziz xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı Qələbəmizin tarixi əhəmiyyətindən danışıb. O, Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin, onların problemlərinin vaxtında həllinin hər zaman Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışında bildirib ki, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı həyatları bahasına düşməndən təmizlədilər. İndi üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhid övladları vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda iştirakçılar şəhidin müqəddəs məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.