Kənd təsərrüfatında və istehsalatda texnologiya böyük sürətlə inkişaf edir, yeni becərmə üsulları yaranır. Hidroponik və akvaponika üsulları da bu baxımdan maraq doğurur. Hidroponik becərmədə bitkilərin inkişafında çox miqdarda həll olunmuş qida maddəsi olan sudan istifadə edilir. Akvaponika isə su məhsullarında istifadə edilən ənənəvi balıq yetişdirmə üsulunun xüsusiyyətlərini hidroponik əkinçiliklə birləşdirən bir sistemdir. İşğaldan azad olunan Laçında fəaliyyətə başlayan istehsal sahələrindən biri də elə akvaponika sistemi ilə çalışır. Burada həm balıq yetişdirilir, həm də bitki becərilir.
Akvaponika istehsalat müəssisəsinin nəzarətçisi Səməd Səmədzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu sistemlə balıqlar bitkilərin, bitkilər də balıqların yetişməsinə kömək edir. “Laçın şəhərində yaradılmış, 600 kvadratmetr ərazini əhatə edən akvaponikada sistem belədir ki, balıqların qida qalıqları – xüsusilə, ammonyak maddəsi, fosforitlər, həmçinin bitkilərin inkişafında böyük rol oynayan zəngin bakteriyalar suda sirkulyasiya olunaraq bitkilərə qədər gedib çatır. Beləliklə, balıqlar üçün zəhərli sayılan su bitkilərə dərman olur. Burada sazan, karp balıqlarından ibarət 12 hovuzda bitkilərin inkişafı üçün zəngin tərkibli su toplanır. Proses bununla bitmir. Xüsusi cihazlarla filtrasiya olunan su yenidən hovuzlara qayıdır. Sistemin ən böyük özəlliklərindən biri də odur ki, heç bir israfa yol verilmir. Sərfiyyat o qədər aşağı olur ki, təmizləndikdən sonra akvariumlara qayıdan miqdarın üzərinə yalnız 10 faiz su əlavə edilir”.
Akvaponika Azərbaycanda nisbətən yeni sahədir. Laçında hidroponika, yəni torpağa basdırılmadan, qidalı maddələrlə zəngin məhlulda bitki köklərinin yetişdirilməsi üsuluna da üstünlük verilir. Laçında qurulmuş bu sistem təkcə qənaətliyinə görə deyil, həm də orqanikliyinə görə dünyada ən yaxşı metod sayılır.
Hazırda müəssisədə çalışanların böyük əksəriyyəti laçınlılardır və təsərrüfat genişləndikcə, işçi sayı da ilbəil artacaq.