Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In ilə görüşə razılıq verməsinə münasibət bildirib.
Turk.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, S. Lavrov deyib ki, bu görüş adi söhbətlə bitməməli və problemin həlli yolunu açmalıdır: “Bu görüşün reallaşdırılması və sadəcə, görüşdən ibarət olmaması vacib məsələdir. Görüş BMT Təhlükəsizlik Şurasında Koreya yarımadasının nüvə probleminin həllinə dair qəbul olunmuş prinsiplər əsasında tam formatlı siyasi danışıqlar prosesinin bərpasına yol açmalıdır”.
Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın məktubunu Donald Trampa təqdim edib. Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.