Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda yerli “Düdelanj” komandasının “Qarabağ”la oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburq Parlamentinin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavab verib.
“Report” xəbər verir ki, nazir Lüksemburq polisinin UEFA tərəfindən oktyabrın 3-də “Jozi Bartel” stadionunda baş tutan matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumatlandırılmadığını bildirib.
“Biz oyunda dinc azarkeşlərin olacağını gözləyirdik. Həmçinin görüş zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadion üzərində uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək üçün çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti aşağı olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi” deyən F.Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini əlavə edib.
Təəccüblüdür ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi hələ də baş verən insidentlə bağlı heç bir qərar verməyib. Avropa futbol qurumunun İntizam Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hələlik məsələ ilə bağlı yenilik yoxdur.
Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 4:1.