“Məcburi Köçkünlərin Nəsimi İcması” İcma İnkişaf Şurasının növbəti hesabat iclası keçirildi

Nəsimi rayonu, Mərdanov Qardaşları 119 ünvanda yerləşən  keçmiş Volodarskiy adına Tikiş Fabrikinin sanatoriya-profilaktoriya binalarında 1993-cü ildən məskunlaşmış Ağdam, Kəlbəcər,Laçın, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarından olan məcburi köçkünlər 04 may 2016-cı il tarixdə “Məcburi Köçkünlərin Nəsimi İcması”nı təsis etmişlər. Təsis yığıncağında Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin Nəsimi sektorunun o zamankı müdiri Bəyverdi müəllim  məsləhətçi qismində iştirak etmişdir.

04 may 2019-cu il tarixdə “Məcburi Köçkünlərin Nəsimi İcması” İİŞ-nın fəaliyyətinin 3-cü ilinin hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda İİŞ-nın 7 nəfər üzvü, icmanın 22 nəfər üzvü və Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin Nəsimi sektorunun müdiri cənab Babək Bayramov isə qonaq olmaqla cəmi 30 nəfər iştirak etdi.

İclasda öncə İİŞ-nın 04 may 2016-cı il tarixli Təsis yığıncağının videoyazısı nümayiş etdirildi.

İclasın gündəliyində 3 məsələ qoyuldu:

  1. İİŞ-nın illik hesabatı
  2. İİŞ koordinatorunun yenidən seçilməsi
  3. Problemlər və növbəti il ərzində görüləcək işlər barədə

İclasın gündəliyi açıq səsvermə yolu ilə yekdilliklə təsdiqləndi.

İİŞ-nın  illik hesabatı üzrə söz Nizami Musayevə verildi:

Nizami Musayev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 1-ci Vitse- Prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərə yüksək diqqət və qayğısı qeyd etdi . lakin müəyyən dövlət məmurlarının məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş dövlət qayğısının yerlərdə həyata keçirilməsinə laqeyd münasibəti  ucbatından 26 il ərzində 160 məcburi köçkün ailəsinin qəzalı binalarda, dözülməz şəraitdə yaşamağa məcbur olduğunu bildirdi.

Məcburi köçkünlərin icma kimi formalaşmasından sonra sosial problemlər barədə İİŞ-nın ardıcıl fəaliyyəti nəticəsində binalarda cari təmirlə bağlı  bir sıra nailiyyətlərin əldə edildiyini qeyd etdi.

Eyni zamanda İİŞ-nın  Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin sədri cənab Rövşən Rzayevə 160  ailənin yaşadığı binaların vəziyyətini yerdə yoxlsmaq üçün komissiya göndərilməsi xahişinə rəğmən 04 may 2019-cu il tarixdə hesabatdan 9 saat əvvəl Komitənin sədr müavini cənab Fuad Hüseynov, Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri cənab Sənan Hüseynov və Nəsimi rayon sektorunun müdiri cənab Babək Bayramov yaşayış ünvanımıza gələrək yerdə mövcud vəziyyətlə yaxından tanış olmalarını və yaşayış şəraitimizin dözülməz olduğunu, binalarımızın qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək yaxın zamanlarda müvafiq tədbirlərin görüləcəyini bildirmələrini də vurğuladı . Nizami Müsayev çıxışının yekununda iclas iştirakçılarına təşəkkürünü bildirməklə İİŞ-nın ötən fəaliyyət ili üzrə hesabatını qiymətləndirməyi xahiş etdi.

Çıxışlar:

“Məcburi köçkünlərin Nəsimi icması”  İİŞ üzvü  Eyvazov Fəqan   çıxış edərək,  İİŞ-nın ötən il ərzindəki fəaliyyətini təqdirəlayiq hesab edib  müsbət  qiymətləndirilməsini təklif etdi! İcma üzvü Arif Pənahov İİŞ-nın ötən hesabat ili ərzində yeni binalara köçürülməyimizə nail olmadığına görə kafi qiymətləndirilməsini təklif etdi. İcma İnkişaf Şurasının üzvlərindən Bayramova Vilayət və Mönsümova Roza  isə  Eyvazov Fəqanın  dediklərini bir daha təsdiq etdilər. Təklif açıq səsverməyə qoyuldu və səsçoxluğu ilə Eyvazov Fəqanın təklifi  qəbul edildi.

Qərara alındı:

“Məcburi köçkünlərin Nəsimi icması”  İİŞ-nın ötən hesabat ili üzrə fəaliyyəti musbət qiymətləndirilsin!

Çıxışlar:

2-ci məsələ ilə əlaqədar İİŞ üzvü Əsgərov Rəşid  çıxış edərək  Nizami Musayevin heyətlə birlikdə  icmanın sosial   problemlərinin həlli ilə əlaqədar ötən illər ərzində dövlət orqanlarının rəsmi surətdə məlumatlandırılması sahəsində təmənnasız olaraq çalışmasını əsas tutaraq yenidən İİŞ-nın koordinatoru seçilməsini və heyətin mövcud tərkibində dəyişiklik edilmədən saxlanılmasını  təklif etdi! Icma üzvlərindən Əhmədova Zöhrə  və Kərimova Qəmər  da söz alaraq Əsgərov Rəşidin fikri ilə razı olduqlarını bildirdilər. Təklif açıq səsverməyə qoyuldu və yekdilliklə qəbul edildi.

Qərara alındı:

Musayev Nizami Pənah oğlu  yenidən “Məcburi köçkünlərin Nəsimi icması”  İİŞ-nın koordinatoru təsdiq edilsin! İİŞ-nın tərkibinin dəyişilmədən saxlanılması təsdiq edilsin!

 Çıxışlar:

3-cü məsələ ilə əlaqədar:

–  İİŞ-nın üzvü Fəqan Eyvazov çıxış edərək  yataqxana binalarının diqqətdən yayınmasının səbəblərindən biri kimi binaların qəzalı binalar siyahısından sonradan  çıxarılması və hansı təşkilatın balansında olması barədə məlumatın olmamasını qeyd etdi və yataqxana binalarının   qəzalı binalar siyahısına salınması üçün aidiyyatı üzrə Dövlət təşkilatlarına  müraciət etməyi təklif etdi.

-İİŞ üzvü Natiq Cabbarov çıxış edərək  Babək müəllimdən yerdəki vəziyyət barədə yeni təyin edilmiş cənab Rövşən Rzayevə  dəqiq məlumatların çatdırılmasına dəstək olmağı xahiş etdi.

– İİŞ üzvü Cəfərov Namiq çıxış edərək bildirdi ki, hələ 2000-ci ildəki zəlzələ zamanı beş  mərtəbəli binanın 1-ci mərtəbəsində yük daşıyıcı sütun qırılmış və eyni zamanda binanın çuqun kanalizasiya xəttləri zirzəmidə dağılmışdır. Zirzəmi dəhşətli vəziyyətdə çirkabla doludur. Hətta binalar qəzalı vəziyyətdə deyilsə belə insanların uzun müddət ərzində ağır vəziyyətdə yaşamaşı problemi həll olunmalıdır. Odur ki, Qarabağ torpaqlarımız düşmən işğalından  azad olunanadək məcburi köçkünlər üçün inşa edilmiş  binalara yerləşdirilməyimizi 1-ci Vitse Prezidentdən xahiş etməyi təklif etdi.

–   İİŞ-nın üzvləri  Əsgərov Rəşid və Cabbarov Natiq də  çıxış edərək bildirdilər ki, 26 il ərzində Nəsimi RİH, Ağdam RİH, Kəlbəcər RİH, Cəbrayıl RİH, Füzuli RİH-lərinin başçıları və eləcə də Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin yüksək vəzifəli şəxsləri Bakı şəhərinin mərkəzində Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə üzbəüz torpaq sahəsində yerləşən qəzalı binalarda yaşayan 160 məcburi köçkün ailəsinə bir dəfə də olsun baş çəkməyiblər. Odur ki, təcili olaraq yeni binalara köçürülməyimizlə əlaqədar aidiyyatı üzrə dövlət təşkilatlarına müraciət etməyi təklif etdilər.

– İcma üzvü Novruz Cəfərov çıxış edərək təhlukəli vəziyyətdə olan ağacların kəsilməsi barədə Ekologiya Nazirliyindən məktubları olmasına baxmayaraq yaşıllaşdırma idarəsinin süründürməçiliyindən şikayət etdi.  -İİŞ-nın üzvləri  Bayramova Vilayət və Mönsümova Roza  çıxış edərək 26 il ərzində 160 ailənin çəkdiyi əzab-əziyyəti sözlə ifadə etməyin çətin olduğunu, Azərsu ASC-nin su borularının ana xəttinin bərbad olması barədə ərizələrimizə məhəl qoymamasını və zirzəminin güclü infeksiya ocağı olmasını  bildirdilər  və  yataqxanalarımızın qəzalı, antisanitar, dözülməz vəziyyətdə olması barədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinə rəsmi məlumat vermək və tezliklə hazırki yaşayış yerimizə yaxın ərazidə məcburi köçkünlər üçün Dövlət tərəfindən alınmış binalara köçürülməyimiz barədə xahiş etməyi təklif etdilər.

– Problemlərlə bağlı icma üzvlərinin diskusiyasına Nizami Musayev yekunlaşdıraraq bildirdi ki, cənab Prezident və İ-ci Vitse Prezident məcburi köçkünlərin problemlərini daima diqqət mərkəzində saxlamaqla yetərincə maliyyə ayırır və məmurlara da məcburi köçkünlərin problemlərini yerində öyrənməklə həll etməyi tapşırır! Ancaq bəzi məmular yerlərdəki vəziyyəti araşdırmadan dövlət başçısına qeyri-dəqiq məlumat verirlər. Bu gün Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin sədr müavini Fuad müəllimin rəhbərliyi ilə komissiyanın yerdəki vəziyyətlə tanış olması və həqiqətən də acınacaqlı bir vəziyyətin şahidi olduğunu etiraf etməsi bizə ümid verir ki, nəhayət sosial yaşayış vəziyyətimizin dözülməz olması barədə dəqiq məlumat Dövlət Başçısına çatdırılacaqdır! Odur ki, çıxışlarınızın  yekunu olaraq  icma problemlərinin həllinin yeganə yolu kimi mövcud vəziyyət haqqında düzgün məlumatların aidiyyatı üzrə dövlət orqanlarına çatdırılması ilə  təcili köçürülməsi nəzərdə tutulan binalar siyahısına salınmağımızı və ya Dövlət tərəfindən məcburi köçkünlər üçün alınmış binalara köçürülməyimizi Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin sədri cənab Rövşən Rzayevdən xahiş etməyimizi təklif edirik!

Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Qərara alındı:

 “Məcburi köçkünlərin Nəsimi İcması”nın 1993-cü il tarixdən məçkunlaşdığı binaların qəzalı və yaşayış üçün dözülməz vəziyyətdə olduğunu nəzərə alaraq, tezliklə köçürülməsi nəzərdə tutulmuş qəzalı binalar siyahısına salınması və ya Dövlət tərəfindən məcburi köçkünlər üçün Bakı şəhərində alınmış binalara köçürülməsi barədə  Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin sədri cənab Rövşən Rzayevə rəsmi müraciət edilsin!

 Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsi  Nəsimi rayon sektorunun müdiri   cənab Babək Bayramov iclasın yekununda  söz alaraq  məcburi köçkünlərin sosial problemlərinin ölkə Prezidentinin və 1-ci Vitse Prezidentin daima diqqət mərkəzində olduğunu bildirdi. 2019-cu il ərzində Bakı və Sumqayıt şəhərində yataqxanalarda məskunlaşmış məcburi köçkün ailələrinin mərhələli şəkildə yeni mənzillərə köçürüləcəyini  qeyd edərək icmanın gələcək fəaliyyətinə uğurlar arzuladı. Babək müəllim iclasın protokolunun 1 nüxsəsinin ona verilməsini xahiş edərək bildirdi ki, icmanın sosial həyatına dair qaldırılan problemlərin həlli üçün aidiyyatı üzrə Dövlət təşkilatlarına müraciət edəcəkdir!

Əvvəlkiİradə İbrahimova: “Bu il milli parklara 11131 nəfər turist səfər edib”
NövbətiAzərbaycan və Rusiya dəmir yolları arasında memorandum imzalanıb