Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər – Bakı” layihəsi çərçivəsində dekabrın 26-27-də məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn respublika çempionatı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, intellektual yarışda VI-IX sinifləri təmsil edən komandalar mübarizə aparacaq.
Xatırladaq ki, may ayından başlayaraq Bakı, Abşeron, Sumqayıt, Quba və Gəncə üzrə şagirdlər üçün hər həftə öz biliklərini sınamaq məqsədilə intellektual oyunlar, hər ay bilik yarışları təşkil olunurdu. Respublika çempionatına həmin yarışlarda iştirak edən komandalarla yanaşı, digər şəhər və məktəblərdən də oyunçular qoşula bilərlər.
Çempionatın qaliblərinə kubok, medal və hədiyyələr təqdim olunacaq.