Bakıda məmura və onun həyat yoldaşına külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib.
Məhkəmə onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib və o, məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb.
Fərqanə Babayeva və Ramin Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər. Azadi Paşayev pulu götürüb, Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov iş üzrə məsuliyyətə cəlb olunub.
Ayaz Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Məlum olub ki, Ayaz Məhərrəmovla Azadi Paşayev dost olub. Azadi Paşayev isə Babayevlərin qızını oğluna nişanlayıb. Bundan sonra Ayaz Məhərrəmov həmin qızı başqa oğlanla görüb və bunu dostuna deyib. Bunu eşidən Azadi Paşayev də nişanı geri qaytarıb.
Qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.