Bakının 189-190 və 6 nömrəli məktəblərində Əməkdar artist Bəhram Bağırzadənin “Təbiəti qoruyaq” silsiləsindən “Moy bolşoy mir” (“Mənim böyük dünyam”) kitabının təqdimatı keçirilib.
“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə çap olunan kitabın məktəblilər üçün ekoloji maarifləndirmə sahəsində böyük rolu və uşaqların təbiətə olan sevgisinin formalaşmasındakı əhəmiyyəti tədbirdə qeyd olunub.
Əməkdar artist Bəhram Bağırzadə çıxış edərək görüşdən məmnun olduğunu bildirib və kitabın ərsəyə gəlməsinə dəstək verdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığını bildirib.
O, uşaqların ekoloji maarifləndirilməsi, vətənə, ana təbiətə, yaşıllığa sevgi hisslərinin yaranmasında kitab təbliğatının da özünəməxsus yeri olduğunu qeyd edib.
ETSN-in şöbə müdiri Səyyarə Məmmədova da azyaşlı oxuculara ünvanlanan kitabda ətraf mühitin ayrı-ayrı komponentləri, onların bir-biri ilə qarşılıqlı əlaqəsi və bu sahədə məktəblilərin üzərinə düşən məsuliyyət hissi barədə məlumat verib.
Sonra məktəb şagirdlərinin ekologiya və təbiətin qorunması, vətənpərvərlik və vətəndaşlıq mövqeyi ilə bağlı sualları cavablandırılıb.