Azərbaycanda pul siyasəti alətləri təkmilləşdirilir.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, pul siyasətinin transmissiyasında faiz kanalının rolunun yüksəldilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla bağlı pul siyasətinin əməliyyat çərçivəsində müəyyən dəyişikliklər edilib.
Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılması zərurəti yaranıb.
Qeyd edək ki, öncədən planlaşdırıldığı kimi likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyatların diferensiallaşması dərəcəsinin yüksəldilməsi bank sektorunda sistem risklərinə yol verməmək üçün tədricən həyata keçirilir. Bu məqsədlə aparılmış təhlillər göstərmişdir ki, məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradır. Təhlillərin nəticələri əsasında qərara alınıbki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunsun. Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği bir milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği yeddi yüz əlli milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5% və 6% səviyyəsində saxlanılıb. Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə məcburi ehtiyatların diferensiallaşma qaydasına və normalarına edilən son dəyişikliklər bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.03-04% intervalında artırıcı təsir göstərir.
Bu dəyişikliklər ortamüddətli dövrdə inflyasiya proseslərinin faizlər vasitəsilə daha effektiv idarə edilməsinə xidmət edir.