Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılmışdır.
“Report” bu barədə AMB-ya istinadən xəbər verir.
“Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir”, – məlumatda deyilir.
Xatırladaq ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə AMB İH-nin üzvü seçiliblər. Onların səlahiyyət müddəti bu ilin mart ayında başa çatmışdı. Bu ilin iyun ayının 8-də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla onların yerinə Rəşad Orucov Mərkəzi Bank sədrinin birinci müavini, Əliyar Məmmədyarov isə müavin təyin edilib.
Qeyd edək ki, Alim Səlim oğlu Quliyev 1960-cı ildə Tərtər rayonunda anadan olub. Ali təhsillidir. 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlayın. 1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləyib. 1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləyib. 1988-ci ildən 1993-cü ilədək Səhmadar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti Sədrinin müavini vəzifələrində işləyib. 1993-cü ilin yanvar ayından Azərbaycan Respublikası Milli Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləyib. 1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib. 1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2002-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2012 tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlayıb. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləyib. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Aftandil Qasım oğlu Babayev 1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə “Azkolxoz xüsusi tikinti” Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləyib. 1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləyib. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.