Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə iyunun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK-nın 2024-cü il mayın 27-də keçirilən iclasın protokolu təsdiq edilib.

Sonra “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

Komissiya sözügedən Qanunu və Seçki Məcəlləsinin tələblərini əsas götürərək, habelə yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyini diqqətdə saxlayaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verib. Qərara əsasən, yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılır.

İclasda daha sonra MSK-nın normativ xarakterli aktlarına dair məsələyə baxılıb və bir sıra normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

Xarici qurum və media təmsilçilərinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.

ƏvvəlkiABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
NövbətiMuxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq