Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il dekabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın dekabrın 9-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb. Protokolların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına uyğun dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına müvafiq olaraq məntəqə seçki komissiyaları üçün hazırlanması qərara alınıb. Qəbul edilmiş qərara əsasən səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar mətbəə üsulu ilə hazırlanmalıdır.

İclasda daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, “Ana Vətən” Partiyası və Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda bələdiyyə seçkilərinə hazırlıqların gedişinə dair müxtəlif məqamlar və statistik göstəricilər də diqqətə çatdırılıb, həmçinin cari məsələlərə baxılıb.

ƏvvəlkiFHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
NövbətiNaxçıvanda küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib