Sentyabrın 9-da Bakıda “Türk Hava Yolları”nın dəstəyi ilə meksikalı aşpaz Luis Palmerosun ustad dərsi keçirilib.
AZƏRTAC-a müsahibəsində Bakıya ilk dəfə gəldiyini deyən aşpaz bu şəhərin təmizliyinə, gözəlliyinə heyran qaldığını bildirib. Azərbaycan mətbəxinin yeməklərindən olan dolmanı xüsusilə bəyəndiyini deyib.
Azərbaycan və Meksika mətbəxinin oxşar cəhətlərindən danışan aşpaz ölkəmizdə istifadə olunan inqrediyentlərin öz ölkəsi ilə oxşarlığına təəccübləndiyini vurğulayıb.
Qeyd edək ki, meksikalı aşpazın ölkəsinin mətbəxindən nümunələr təqdim etdiyi tədbirdə Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, “Türk Hava Yolları”nın əməkdaşları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Luis Palmeros əslən Meksikanın Verakruz şəhərindəndir. Doğma əyalətində özünün məşhur “El Cuarto Blanco” restoranı fəaliyyət göstərir.
Beynəlxalq təcrübəyə malik aşpaz Luis Palmerosun yeməkləri Meksikanın bir çox şəhərləri ilə yanaşı, İspaniya, Fransa, İngiltərə, Belçika, Tailand, ABŞ və Andorrada tanınır.