Mahaçqalada Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Mahaçqalada Dahi Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycan-Dağıstan: tarixin mərhələləri” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin Mahaçqala şəhərində Azərbaycan Milli-Mədəni Muxtariyyəti ilə birgə təşkil etdiyi tədbiri nazirin birinci müavini Harun Davıdov açıb. O, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat və fəaliyyətindən bəhs edib.

“Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik insan idi”, deyən H.Davıdov əlavə edib ki, Dağıstan və Azərbaycanı çoxəsrlik tarix, ortaq ənənələr və mədəniyyət birləşdirir. O qeyd edib ki, biz bu ənənələri qoruyub saxlamalı və gələcək nəsillərə miras qoymalıyıq. Nazir müavini vurğulayıb: “Bizim aramızda, sadəcə, qonşuluq deyil, həm də dostluq əlaqələri var. Ötən ilin dekabrında Dağıstan Respublikasının başçısı Sergey Məlikovun Bakıya səfəri və Prezident İlham Əliyevlə yüksək səviyyədə görüşü Azərbaycan və Dağıstan arasında möhkəm dostluq əlaqələrinin təzahürü, gələcəkdə sosial-iqtisadi sahələrdə uğurlu qarşılıqlı fəaliyyətin təməli oldu”.

Dağıstan Respublikası Milli Məclisinin sədr müavini Kamil Davdiyev respublikanın rəhbərliyi, Dağıstan Milli Məclisinin sədri Zaur Askenderovun və bütün deputatların adından konfrans iştirakçılarını və qonaqları salamlayaraq dedi: “Elə alınıb ki, bu il iki respublika Rəsul Həmzətov və Heydər Əliyevin 100 illik yubileylərini qeyd edir. Bu şəxsiyyətlər bizim respublikaların tarixində böyük rol oynayıblar. İctimai-siyasi xadim kimi, Heydər Əliyev Azərbaycanın və SSRİ-nin tarixində çox mühüm rol oynayıb. Onun sayəsində Azərbaycan postsovet məkanında inkişaf edən respublikalardan biridir. Biz Azərbaycanın dinamik inkişafını, onun tərəqqisini və çiçəklənməsini görürük”.

Rusiya XİN-in Mahaçqaladakı nümayəndəsinin vəzifələrini icra edən Liliana Maqomedova öz çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına mühüm töhfələr verib. O vurğulayıb: “Heydər Əliyev bir çox mühüm birgə layihələrin təşəbbüskarı və rəhbəri idi. Heydər Əlirza oğlunun 1998-ci ildə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında sazişin imzalanmasına şəxsi töhfəsini qeyd etmək kifayətdir”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdir müavini Əli Baytalov komitə sədrinin adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O deyib: “Hazırda bizim münasibətlərimiz yüksək səviyyədədir, hər iki tərəfdən dövlət nümayəndə heyətlərinin səfərləri buna sübutdur. Azərbaycan və Dağıstan xalqları arasında münasibətlərin tarixinin qədim kökləri var. Bizi tarixi, mədəni və mənəvi dəyərlər birləşdirir və Heydər Əliyev birbaşa bu əlaqələrin möhkəmlənməsinə böyük töhfə verib”.

Sonra Rusiya Elmlər Akademiyasının Dağıstan Tədqiqat Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Əminə Xəlilova, həmin institutun etnoqrafiya şöbəsinin müdiri Maqomedxan Maqomedxanov, Dağıstan Dövlət Universitetinin dosenti Almaz İsmayılova, Dağıstan Dövlət Texniki Universitetinin baş müəllimi Ruslan Umaxanov və başqaları məruzələr ilə çıxış ediblər.

Konfrans Azərbaycan Dövlət Dram Teatrının Dostluq Evinin önündəki meydanda çıxışı ilə yekunlaşıb.

Tədbirdə Dağıstanın stats-katibi, nazir müavini Arsen Mahmudov, Ağsaqqallar Şurasının sədri İbrahim İbrahimov, Mahaçqalada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Raqif Əzizov, Dərbənddə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev, “Dağıstan Qadınları Birliyinin” sədri İntizar Mamutayeva, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov da iştirak ediblər.

ƏvvəlkiBöyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək
NövbətiABŞ-da Ümummilli Lider Heydər Əliyevin büstü açılacaq