Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən “Maliyyəçisən” təcrübə proqramı başa çatıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, məzun tədbirində təcrübəçilər komandalar halında hazırladıqları layihələr ilə AMB-nin rəhbərlik heyəti qarşısında çıxış ediblər. Təcrübə proqramını uğurla bitirən gənclərə sertifikatlar, qalib komandaya isə hədiyyələr təqdim olunub.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Maliyyəçisən” təcrübə proqramı çərçivəsində 30 gənc müxtəlif departamentlərdə iki ay ərzində təcrübə keçərək Mərkəzi Bankçılıq ilə daha yaxından tanış olub, şəxsi və peşəkar səriştələr üzrə təlimlərdən keçib və praktiki təcrübə imkanı əldə ediblər.