Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 12-17° isti , dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 0-5° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.