Masallıda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon polis şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra rayondakı Qəhrəmanlar parkı ziyarət olunub və tədbir Masallı Rayon Polis Şöbəsində davam etdirilib.
Tədbirdə şöbə rəisi polis polkovniki Azay Ağayev Azərbaycanın ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb. O, ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Digər çıxış edənlər polis əməkdaşlarına xoş arzularını çatdırıblar, bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub. Polis əməkdaşları xidməti fəaliyyətlərində səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildiriblər.