İstifadə müddəti bitmiş kartların xidmət müddətinin uzadılmasını asanlaşdıran “Mastercard” bununla Azərbaycandakı banklara və kart sahiblərinə öz dəstəyini nümayiş etdirir.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə əhalisinin sağlamlığını qorumaq üçün ötən həftədən etibarən son istifadə müddəti 2020-ci ilin mart-may ayalrında olan kartların istifadəsinə bu ilin iyul ayının sonunadək icazə verdi: “AMB-in göstərişləri əsasında “Mastercard” vaxtı keçmiş kartlardan istifadəni təmin etmək üçün zəruri prosesləri asanlaşdırdı və bu, müştərilərin müxtəlif səbəblərə görə yenidən hazırlanmış kartı götürmək üçün banka gedə bilmədikləri bir vaxtda çox səmərəli bir həll yolu ola bilər. “Mastercard” bu addımı atsa da, yekunda müştərilərə belə bir imkan tanımaq qərarı bankların öz istəyinə bağlıdır”.
“İnsanların əksəriyyəti mövcud vəziyyətə görə öz təmaslarını və hərəkətlərini məhdudlaşdırmağı düşünür. Bilirik ki, kartlarının istifadə müddəti başa çatan və ya sona yaxınlaşan bəzi “Mastercard” kart sahibləri artıq tanış olduqları və indiki vəziyyətdə tələb olunan nağdsız və təmassız ödənişlərdən istifadə etmək üçün banka getmək və yeni bir kart almaq məcburiyyətində qalmaqdan narahatdırlar. Biz öz tərəfimizdən prosesin bütün texniki asanlığını təmin edirik,” – “Mastercard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar deyib.
Onun sözlərinə görə, ödəniş edərkən yüksək səviyyədə təhlükəsizliyi saxlamaqla əməliyyatların düzgün emalını təmin etmək üçün bu qərar həm emitentlərdən, həm də alıcı banklardan müəyyən tədbirlər və düzəlişlər tələb edəcəkdir.