“Maya” filminin Kiprdə təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Xəyal Rza məlumat verib.
Qeyd edilib ki, təqdimat Şimali Kipr Türk Respublikasının Baş nazirliyinin dəstəyi ilə, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən təşkil edilib.
Sentyabrın 8-də İsmet Vehit Güney Sənət Mərkəzində nazirliyin şöbə müdiri, şair-yazar Ceyhan Özyıldızın aparıcılığı ilə keçirilən “Maya” filminin təqdimatında respublika rəhbərliyi, deputatlar və sənət adamları iştirak ediblər.
Təqdimatda çıxış edən Şimali Kipr Türk Respublikası Prezidentinin katibliyinin rəisi Çağın Zort, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin idarə rəisi Şirin Zaferyıldızı “Maya” filmindən təsirləndiklərini vurğulayaraq, Qarabağla Şimali Kiprin oxşar taleyindən söz açıblar.
Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Qarabağın 30 ilik işğal tarixi, 44 günlük İkinci Qarabağ müharibəsi və şanlı zəfərimiz haqqında danışıb.
Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin və “ES Baku”nun maliyyə dəstəyi ilə çəkilən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filminin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.