Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum konstitusion xarakterlidir və oktyabrın 20-də keçirilə bilər.
Bu barədə AZƏRTAC Moldova Prezidenti Maya Sandunun feysbuk səhifəsinə istinadla xəbər verir.
“Konstitusiya Məhkəməsi qərar qəbul edib – Aİ-yə daxil olmaq üçün konstitusion qaydada referendum keçirilməlidir. Səsvermə oktyabrın 20-də keçirilə bilər. Referendumda qoyulacaq sual belə olacaq: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?” – deyə M.Sandu yazıb.
Bundan əvvəl Moldovanın Konstitusiya Məhkəməsi Konstitusiyaya avrointeqrasiyaya dair və müvafiq referendumun keçirilməsi ilə bağlı müddəaların tətbiqini təsdiqləyib.
“Bizə birlik lazımdır, hər bir partiyanın, ictimai təşkilatın, vətəndaşın iştirakı lazımdır ki, birlikdə moldovalıların əmin-amanlığına və rifahına zəmanət verə bilək. Biz Avropanın Moldovası ideyası uğrunda birləşərək, ümumi məqsədimizə – moldovalıların güclü Avropa ölkəsində sülh, əmin-amanlıq və azadlıq şəraitində yaşamasına nail olacağıq”, – deyə Moldova Prezidenti vurğulayıb.
Qeyd edək ki, Avropa Şurası 2023-cü il dekabrın 14-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyib.