Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən mayın 18-də təşkil olunmuş növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü səhmdar cəmiyyətin səhmləri, 1-i kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3bwgQlG).
Xidmətdən AZƏRTAC-a bildirilib ki, budəfəki hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib.
Qeyd edək ki, özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla, ümumilikdə 229 sifariş verilib.
Hərraca çıxarılan nəqliyyat vasitələri ilə əyani formada tanış olmaq üçün saxlanc yeri yaradılıb. Burada hərracda iştirak etmək istəyən şəxslərin ƏMDX-nin elektron resurslarından seçdikləri nəqliyyat vasitəsinə əyani olaraq baxmaq imkanı var. Saxlanc yerində vətəndaşlar hər bir avtomobilin texniki vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, cari ilin ilk 4 ayında ümumilikdə 20 hərrac təşkil edilib. Hərraclarda 54 əmlak özəlləşdirilib. Bunlardan 5-i səhmdar cəmiyyətin səhmləri, 17-si kiçik dövlət müəssisəsi, 32-si isə nəqliyyat vasitəsidir.
Yanvar-aprel ayları ərzində hərraca çıxarılmış əmlaklar üzrə 13 elektron sifariş qəbul edilib. Elektron hərrac proqramı ilə hərraclara 5 onlayn qoşulma (nəqliyyat vasitəsi) reallaşıb.
Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytında (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalında (“privatization.az”) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.