MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclası Helsinkidə keçirilir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Finlandiyanın paytaxtı Helsinki şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclası keçirilir.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Şuranın 69-cu iclasının qərarlarının həyata keçirilməsi və 2018-ci ildə, eləcə də 2019-cu ilin birinci rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, Konteynerlərin 2018-ci ildə siyahıyaalınmasının nəticələri və 2019-cu il üzrə yük qatarlarının siyahıyaalınmasına dair hazırlıqlar, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, MDB hökumət başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli MDB üzvü olan dövlətlərin dəmir yolu nəqliyyatı üçün razılaşdırılmış tarif siyasətinin qurulması konsepsiyasına dair qərarının 2018-ci il üzrə icrası, 2019-cu il üçün “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Mərkəzi rabitə stansiyasının Şura müdiriyyəti və dəmir yolu administrasiyalarının koordinasiyası üçün rabitə xidmətləri xərclərinin əvəz edilməsi smetası və digər məsələlər müzakirə olunur.

İclasın sonunda yekun protokolu imzalanacaq.

Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, Helsinki dəmir yolu vağzalı ilə tanışlıq da nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Əvvəlki“Gözləri ağalarının cibində olan xainlərin istəkləri ürəklərində qalacaq” RƏY-ÖZƏL
Növbəti“YAZ” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb