Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birinci könüllülük proqramı uğurla yekunlaşıb.
Bu barədə “Report”a agentlikdən bildirilib.
Sentyabr-noyabr aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər 30-a yaxın fərdi və peşəkar inkişaf təlimlərində, 10-a yaxın yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda İTV və “Report” Media Məktəbində təcrübə proqramlarında iştirak edib.
Birinci könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunub.