BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyası ərəfəsində Meksika yeni bir təşəbbüslə çıxış edib. Meksikanın Xarici İşlər Nazirliyi, UNICEF və Latın Amerikasının İqlim Reallığı Layihəsi çərçivəsində Meksikadan 35 nəfər gəncin seçilməsi üçün “Gənc iqlim səfirləri” proqramı həyata keçirilir.
AZƏRTAC BNN portalına istinadla xəbər verir ki, bu unikal əməkdaşlıq qarşıdan gələn ACOP29 tədbirində iştirak etmək üçün Meksikanın 35 gənc nümayəndəsini seçmək məqsədi daşıyır.
Layihəyə Meksika Gənclər İnstitutu (IMJUVE), Yerli Xalqların Milli İnstitutu (INPI) və Matias Romero İnstitutu (IMR) daxil olmaqla müxtəlif qurumlar dəstək verir.
Proqram gənclərin inklüziv təmsilçiliyini təmin etməklə iqlimin fövqəladə halını həll etmək məqsədi daşıyır. Bu, rəsmi Bakının ev sahibi olacağı COP29-da müzakirələr zamanı unikal perspektivlərin təqdim edilməsi və iqlim ədalətinə maneələrin aradan qaldırılması üçün çox vacib hesab olunur.
Proqram gələcək nəslin öz gələcəyinin formalaşmasında fəal rol oynaması üçün səlahiyyətlərin verilməsinin vacibliyini vurğulayaraq, gənclərin həm də gələcəyin liderləri olduğunu vurğulayır.
Latın Amerikası İqlim Reallığı Layihəsi və məsul qurumlar gənclərə iqlim dəyişikliyinin həlli üçün uyğunlaşma, təsirlərin azaldılması və tətbiqi alətləri, həmçinin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar üzrə dərin təlimlər keçirəcək.
“COP29 yaxınlaşdıqca dünyanın gözü Bakıya çevrilir və iqlim fəallığında yeni bir səhifə açılır. “Gənc iqlim səfirləri” proqramı vasitəsilə Meksika təkcə nümayəndələr göndərmir; ümid, daxil olma və təcili hərəkət mesajı göndərir. Dünya bu gənc səslərin qlobal iqlim gündəminə öz təsirini gözləyir və bir daha sübut edir ki, planetimizi xilas etmək üçün hər bir səs önəmlidir”, – deyə məlumatda qeyd olunub.